YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Az ərzaqla hazırlanan doyumlu yemək: İspan kartof tortilyasının resepti

Az ərzaqla hazırlanan doyumlu yemək: İspan kartof tortilyasının resepti

İspan mətbəxinin məşhur yeməklərindən olan kartof tortilyası həm ucuz, həm də doyumlu olması ilə seçilir. Cəmi bir neçə ərzaqla hazırlanan bu yemək kartoflu omleti xatırladır və səhər yeməyi, eləcə də günün digər saatları üçün uyğun seçimdir.

Demokrat.az xəbər verir ki, yeməyin reseptini "Laura Laurentiu" nəşri təqdim edib.

Ənənəvi kartof tortilyası yumurta və kartofdan hazırlanır. Lakin yeməyə soğan əlavə edilməsi onun dadını daha da zənginləşdirir.

Lazım olan ərzaqlar:

- 500 qram kartof;
- 5 ədəd orta ölçülü yumurta;
- 35 qram soğan (istəyə görə);
- 50 ml zeytun yağı;
- Bir qədər su;
- Duz və qara istiot.

Hazırlanma qaydası

Əvvəlcə kartoflar soyulur, yuyulur və təxminən 3-4 millimetr qalınlığında nazik dilimlərə doğranır. Soğan da nazik zolaqlar şəklində kəsilir.

Tavada zeytun yağı orta odda qızdırılır, kartof dilimləri əlavə edilərək qarışdırılır. Ardınca soğan, duz və istiot əlavə olunur. Təxminən iki xörək qaşığı su töküldükdən sonra tavanın qapağı örtülür və kartof zəif odda bişirilir. Dilimlərin bərabər bişməsi üçün hər beş dəqiqədən bir ehtiyatla qarışdırılması tövsiyə olunur.

Bu müddətdə yumurtalar ayrıca qabda duz və istiotla çalınır. Köpüklü kütlə yaranmamasına diqqət etmək lazımdır. Kartof bişdikdən sonra tavadan götürülərək yumurtaların üzərinə əlavə edilir və qarışdırılır.

Alınan qarışıq yenidən tavaya tökülür, səthi hamarlanır və zəif-orta odda bişirilir. Təxminən 3 dəqiqə yarımdan sonra tortilyanın kənarları tavadan ayrıldıqda üzərinə tavadan böyük, yastı boşqab qoyulur. Tava ehtiyatla çevrilərək yeməyin digər tərəfi boşqaba keçirilir. Daha sonra tortilya yenidən tavaya qaytarılır və digər üzü də təxminən 3 dəqiqə bişirilir.

Hazır yemək bir qədər soyuduqdan sonra iri üçbucaq dilimlərə bölünərək süfrəyə verilir. Beləliklə, sadə və əlçatan ərzaqlarla İspan mətbəxinə məxsus doyumlu yemək hazırlamaq mümkündür.

Jalə