Abşeron rayonunda 22 yaşlı oğlan atası ilə mübahisə edən taksi sürücüsünə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə. Vahid küçəsində baş verib.
Ağdam rayon sakini, 2004-cü il təvəllüdlü Ruslan taksi sürücüsü Zəmanətin onun atası Valehlə (adlar şərtidir – red.) gediş haqqına görə mübahisə etdiyini görüb. O, avtomobildən düşərək pəncərədən Zəmanətin baş və üz nahiyələrinə qəsdən bir neçə dəfə yumruq zərbəsi endirib və ona xəsarət yetirib.
Ruslana Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İranla sərhəddə insident - Atəş açıldı (FOTO)
Bakıda da istifadə edilir: Təhlükəli bakteriya aşkarlandı - Açıqlama
Kredit borcunu ödəyə bilməyənlərə şad xəbər – FOTO
İş üzrə izahat verən Ruslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 17 iyul 2025-ci il tarixdə, saat 20:00 radələrində atası Valeh və Asimlə birlikdə Xırdalan şəhərində yerləşən "AAAF Park" yaşayış kompleksinin yaxınlığında adını xatırlamadığı kafeyə gedib və orada yeyib-içiblər. Onun sözlərinə görə, həmin vaxt o, Asimlə birlikdə hərəyə 2 bakal pivə içib, atası və digərləri isə araq içiblər.
Ruslan qeyd edib ki, iyulun 18-də, gecə saat 02:00 radələrində atası, özü və Asim oturduqları kafedən çıxaraq kirayə yaşadıqları Masazır qəsəbəsindəki evə getmək üçün taksi sifariş etmək istəyiblər:
"Lakin həmin vaxt heç birimizin mobil telefonunda internet olmadığı üçün tanımadığım şəxsdən taksi sifariş etməyi xahiş etdik. Həmin şəxs proqram vasitəsilə taksi sifariş verdi və gediş haqqının 2 manat 50 qəpik təşkil etdiyini bildirdi. Taksi gəldikdən sonra Asimlə mən arxa oturacaqda əyləşdik, atam isə ön oturacaqda əyləşdi. Taksi Masazır dairəsinin yaxınlığında yerləşən marketin qarşısına çatdıqda Asim maşından düşdü. Atamla mən taksi ilə yolumuza davam etdik. Biz taksini "AAAF Park" yaşayış kompleksinin yaxınlığından Masazır qəsəbəsində yerləşən "Zeynəb" Ticarət Mərkəzinə qədər sifariş etmişdik. Ticarət mərkəzinin qarşısına çatdıqda atam taksi sürücüsünə bildirdi ki, əlavə pul verəcək, ev isə oradan 200 metr uzaqdadır. Taksi sürücüsü atamın təklifi ilə razılaşdı və bizi evin qarşısına qədər apardı. Evin qarşısında olarkən atam taksi sürücüsünə kart vasitəsilə ödəniş edəcəyini bildirdi. Sonra taksi sürücüsü atama dedi ki, kart vasitəsilə ödəyəcəkdisə, niyə onun vaxtını alırdı. Atam sürücünün kart nömrəsini telefonuna yazan zaman o, atama bildirdi ki, "Tez ol, ödə, düş. Əsəbimlə oynama"".
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman taksidən düşərək sürücünün olduğu istiqamətə gedib:
"Həmin vaxt sürücü sükan arxasında əyləşmişdi. Mən yumruq zərbələri ilə sürücünün sifət və baş nahiyəsinə bir neçə zərbə vurdum. Həmin vaxt atam avtomobildən düşərək mənə tərəf gəldi. Avtomobilin qapısını atamla birlikdə açmaq istəyərkən sürücünün yan tərəfdən vint açanı götürdüyünü gördük. Atam sürücüyə əlini uzadanda vint açan onun əlinə dəydi. Bundan sonra sürücü avtomobili sürərək getmək istəyən zaman yerdən daş parçası götürüb avtomobilə tərəf atdım. Daş avtomobilin arxa şüşəsinə dəydi və şüşə qırıldı. Mübahisə etdiyimiz yerdən təxminən 100 metr aralıda taksi sürücüsü avtomobili saxladı və düşərək kiməsə zəng vurdu. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəldilər".
İş üzrə zərərçəkmiş Zəmanətin sözlərinə görə, 2025-ci ilin mart ayından etibarən icarəyə "Toyota Aqua" markalı avtomobil götürərək taksi fəaliyyəti ilə məşğul olub. Onun sözlərinə görə, hadisə günü, gecə saat 02:00 radələrində Xırdalan şəhərində yerləşən "AAAF Park" yaşayış kompleksinə müştəri aparıb:
"Müştərini həmin ünvanda düşürdükdən sonra telefonunda olan "Yango" proqramına taksi sifarişi gəldi. Mən sifarişi qəbul etdim. Həmin sifarişdə Masazır qəsəbəsində yerləşən "Zeynəb" Ticarət Mərkəzi qeyd olunmuşdu. Sifarişə əsasən, Xırdalan şəhərində yerləşən "AAAF Park" yaşayış kompleksinin yaxınlığından üç müştəri avtomobilə əyləşdi. Mən avtomobili qeyd olunan ünvana doğru sürməyə başladım. Sərnişinlərdən biri Masazır dairəsi adlanan ərazidə düşdü, digər iki sərnişini isə ticarət mərkəzinin qarşısına apardım. Həmin ünvana çatdıqda ön oturacaqda əyləşmiş, adını bilmədiyim, sonradan Valeh olduğunu öyrəndiyim şəxs avtomobili bir qədər irəli sürməyimi və əlavə ödəniş edəcəyini bildirdi. Sərnişinlərin xahişi ilə avtomobili təxminən 800 metr torpaq yolla idarə edərək fərdi evlərin olduğu ünvanda saxladım. Həmin ünvanda Valeh bank kartıma 2 manat 70 qəpik əvəzinə 3 manat ödədi. Mən Valehə 800 metr torpaq yolunu 30 qəpiyə görə getmədiyimi söyləyərək iradımı bildirdim. Dedim ki, bayaqdan pulun dərdində olmadığımı deyirdin, bəs bu nədir, mənə 30 qəpik verirsiniz? Düşün, gedin, günah məndədir. Bu vaxt Valeh dedi ki, "Sən bilirsən mən kiməm?" Mən də "Düş gedin, mən bu vaxt lotuluğa çıxmamışam", – deyə bildirdim. Onlardan avtomobildən düşmələrini xahiş etdim. Hətta əlimlə onun qapısını açaraq "Düş, mən gedim", – dedim. Mən Valehlə söhbət edən zaman arxada əyləşmiş Ruslan avtomobildən düşdü və sürücü tərəfinin qapısının pəncərəsinin açıq olmasından istifadə edərək sifət və baş nahiyəmə güclü yumruq zərbələri endirdi. Zərbənin təsirindən üst dodağım partladı və qan axmağa başladı".
Zərərçəkmiş deyib ki, daha sonra onu vuran Ruslan onun tərəfindəki qapını açmaq istəyib:
"Mən qapının dəstəyindən tutaraq onun qapını açmasına imkan vermədim. Həmin vaxt ön oturacaqda əyləşmiş Valeh də avtomobildən düşdü və onlar məni maşından düşürtməyə çalışdılar. Döyüləcəyimi görüb sürücü oturacağının sağ tərəfində olan vint açanı götürərək onları qorxutmaq istədim. Bu vaxt vint açan Valehin sol əlinə dəyən kimi onlar məndən uzaqlaşdılar. Mən də bundan istifadə edərək avtomobillə oradan uzaqlaşmaq istəyərkən idarə etdiyim avtomobilin arxa şüşəsinə daşla kiminsə vurduğunu gördüm və maşını saxladım. Bundan sonra avtomobildən düşərək gördüm ki, maşının arxa şüşəsi daşla sındırılıb və daş avtomobilin salonuna düşüb. Bundan sonra həmin şəxslərin ünvanına nalayiq ifadələr işlədərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat verdim".
Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq edilib və cinayət işi bəraətverici əsaslar olmadan xitam olunub.


