YapiKredi Müraciət Forması
Maraqlı

Qışda paltarları tez qurutmaq üçün sadə hiylələr

Qışda paltarları tez qurutmaq üçün sadə hiylələr

Havalar soyuduğu üçün paltarların yuyulduqdan sonra quruması çətinləşir. Xüsusilə yağışlı və rütubətli günlərdə açıq havada paltar sərmək mümkün olmadığına görə qadınlar ev şəraitində alternativ üsullara üz tuturlar. Bəzən paltarların quruması bir gün, hətta daha uzun vaxt aparır. Lakin bir neçə sadə üsulla bu prosesi sürətləndirmək mümkündür.

Demokrat.az xəbər verir ki, qış aylarında paltarların daha tez quruması üçün ilk növbədə yuyulma zamanı düzgün rejim seçilməlidir.

Paltaryuyan maşında əlavə sıxma rejimindən istifadə etmək parçanın üzərində qalan artıq suyun daha çox xaric olmasına kömək edir. Bu isə paltarın quruma müddətini əhəmiyyətli dərəcədə azaldır. Bununla belə, zərif parçalar üçün yüksək sıxma sürətindən istifadə etmək məsləhət görülmür.

Paltarları evdə qurudarkən onları bir-birinə çox yaxın asmaq da düzgün deyil. Aralarında məsafə saxlamaq havanın sərbəst hərəkət etməsinə və nəmin daha tez buxarlanmasına şərait yaradır.

Digər sadə üsul isə paltarları asmazdan əvvəl quru dəsmaldan istifadə etməkdir. Bunun üçün yaş paltarı quru, qalın dəsmalın üzərinə sərib birlikdə bükmək və yüngülcə sıxmaq olar. Dəsmal artıq nəmin bir hissəsini özünə çəkir. Nəticədə paltar daha qısa müddətdə quruyur.

Otağın mütəmadi havalandırılması da vacibdir. Qışda pəncərələri uzun müddət açıq saxlamaq mümkün olmasa da, gün ərzində bir neçə dəqiqəlik havalandırma otaqda yığılan rütubətin azalmasına kömək edir. Ventilyator vasitəsilə hava dövranı yaratmaq da quruma prosesini sürətləndirə bilər.

Paltarları radiatorun üzərinə birbaşa sərmək isə tövsiyə edilmir. Bu, həm istiliyin otaqda yayılmasına mane ola, həm də bəzi parçaların zədələnməsinə səbəb ola bilər. Bundan əlavə, evdə həddindən artıq rütubət yaranması kif və xoşagəlməz qoxu riskini artırır.

Mütəxəssislərin tövsiyələrinə əsasən, qışda paltarları tez qurutmağın ən yaxşı yolu artıq suyu maksimum dərəcədə çıxarmaq, paltarlar arasında məsafə saxlamaq və otaqda normal hava dövranını təmin etməkdir.

Beləliklə, bahalı qurutma cihazı almadan da bir neçə sadə məişət üsulu ilə paltarların quruma müddətini azaltmaq mümkündür.

Demokrat.az

Editor
Redaktor