YapiKredi Müraciət Forması
Kriminal Özəl

"Zemfira xanım bir az əsəbi idi, kobudluq etdi, mən də..."

Zemfira xanım bir az əsəbi idi, kobudluq etdi, mən də...

Bakının Yasamal rayonunda 42 yaşlı kişi qadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, Moskva prospekti 69A ünvanında yerləşən köşkün arxa tərəfində baş verib.

Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Lətif həmin ərazidə dövlət qurumlarından birində xadimə işləyən Zemfiranın (adlar şərtidir – red.) onun barəsində qanunsuz elektrik enerjisindən istifadə etməsi ilə bağlı aidiyyəti dövlət qurumuna şikayət etməsini bəhanə edərək yumruqla qadının sifət nahiyəsinə zərbə endirib və ona xəsarət yetirib.

Lətifə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Lətif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində hadisənin fevralın 3-də Moskva prospekti 69 ünvanında yerləşən köşkün arxa tərəfində baş verdiyini göstərib:

"Aramızda mübahisə oldu. Bir az əsəbi vaxtıma düşdü. Bir az mübahisə etdik, sonra belə hadisə baş verdi. Zemfira xanım da həmin vaxt bir az əsəbi idi. O, mənə tərəf əlini uzadaraq "Nə deyirsən?" – deyə soruşdu. Mən də onun əlindən tutaraq geri itələdim ki, buradan getsin. Mən xanımı qətiyyən vurmamışam. Onun burnuna zərbə endirməmişəm. Bu hadisədən əvvəl onun burnunda xəsarət olub-olmadığını bilmirəm. Lakin həmin vaxt onun əlini itələdim. Belə düşünürəm ki, öz əli burnuna dəyib. Onun burnundan qan gəldiyini görmədim".

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Lətif 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Bakı şəhərinin hüdudlarını tərk etmək, habelə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etmək qadağan olunub.

Bundan əlavə, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasını təmin etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri həvalə edilib.

Fariz Məlikli

Editor
Redaktor