Şəki rayonunda 37 yaşlı kişi borc üstündə yaranan mübahisə zamanı həmkəndlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Mahir ona borcu olan Zakirin (adlar şərtidir – red.) yaşadığı fərdi yaşayış evinin qarşısına gəlib. O, Zakiri küçəyə çağıraraq borcunu qaytarmasını tələb edib.
Lakin Zakir hazırda pulunun olmadığını, borcunu bir həftə ərzində qaytaracağını bildirsə də, Mahir bununla razılaşmayıb. Aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 37 yaşlı kişi əli və ayağı ilə Zakirin ənsə nahiyəsinə çoxsaylı zərbələr endirərək ona xəsarət yetirib.
Mahirə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Mahir bildirib ki, təxminən bir il əvvəl tanışı, Şəki şəhər sakini Zakir ondan 150 manat borc istəyib:
"Mənə səhhətində problemlərin olduğunu, həmin pulla özünü müalicə etdirəcəyini dedi. Ona kömək etmək qərarına gəldim. İşlədiyim avtoyuma məntəqəsinin qarşısında təxminən bir il əvvəl ona 150 manat borc verdim. Pulu verərkən özümün də maddi sıxıntılarım olduğunu bildirdim. Zakir ən geci bir aydan sonra borcu qaytaracağına söz verdi. Zakirə borc verdiyim vaxtdan bir aydan çox keçəndə əvvəlcə ona heç nə demədim və yanıma gələrək borcu qaytarmasını gözlədim. Lakin Zakir söz verdiyi vaxtda gəlmədi. Onunla əlaqə saxlayaraq verdiyim pulu istədim. Bir neçə gün sonra mənə 50 manat verdi. Maddi imkanının olmadığını deyərək qalan 100 manatı da qaytaracağını bildirdi".
Təqsirləndirilən şəxs deyib ki, Zakirə borcun qalan hissəsini də qaytaracağına söz verdiyini xatırladıb və özünün də pula ehtiyacı olduğunu bildirib:
"Zakir 100 manatı da tezliklə qaytaracağına söz verdiyi üçün onunla bir neçə ay əlaqə saxlamadım. Son zamanlar isə artıq ona nə vaxt zəng etsəm, telefon zənglərimə cavab vermədi. Cavab verdikdə isə müxtəlif bəhanələr gətirərək məni aldatdı".
Mahirin ifadəsinə görə, sonuncu dəfə, hadisə günü, təxminən saat 12 radələrində Zakirin yaşadığı evin yanına gedərək onu qapının qarşısına çağırıb:
"Zakir də qapının qarşısına çıxdı. Ondan pulumu tələb edəndə aramızda mübahisə yarandı. O, məni müxtəlif bəhanələrlə yola verməyə çalışdı. Artıq özümdən çıxdım, onun üzərinə gedərək yaxasından tutdum, silkələyib yerə yıxdım. Boynunun arxasına və belinə təpiklə, yumruqla vurdum. Sonra Zakir məni itələdi və kənara çəkildi. Bir az sonra həmin yerdən uzaqlaşaraq evimə getdim. Bir müddət sonra Zakirin barəmdə polisə şikayət etdiyini öyrəndim".
İş üzrə zərərçəkmiş Zakir də hadisənin borc üstündə yaranan mübahisə zəminində baş verdiyini təsdiqləyib. Bildirib ki, imkanı olmadığı üçün borcu uzun müddət qaytara bilməyib və buna görə aralarında mübahisə yaranıb. Mübahisə sonda cinayətlə nəticələnib.
Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını təsdiqləyib, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Şəki Rayon Məhkəməsinin hökmü ilə Mahirə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və o, cinayət məsuliyyətindən azad olunub. Cinayət işi üzrə icraata xitam verilib.


