YapiKredi Müraciət Forması
Maraqlı

Yuxuya neçə dəqiqəyə getmək normaldır?

Yuxuya neçə dəqiqəyə getmək normaldır?

İnsanın yuxuya getməsi üçün sərf etdiyi vaxt onun yuxu keyfiyyəti və ümumi sağlamlığı barədə müəyyən məlumat verə bilər. Mütəxəssislərin fikrincə, normal yuxuya getmə müddəti 10-20 dəqiqə hesab olunur.

Demokrat.az xəbər verir ki, davranış yönümlü yuxu təbabəti üzrə mütəxəssis Mişel Drerup çox qısa müddətdə yuxuya getməyin heç də həmişə sağlam yuxunun göstəricisi olmadığını bildirib.

Onun sözlərinə görə, insanın cəmi bir dəqiqə ərzində yuxuya getməsi həddindən artıq yorğunluq və ya yuxu çatışmazlığı ilə əlaqəli ola bilər.

Yuxusuzluq gündəlik həyat keyfiyyətinə də mənfi təsir göstərir. Gün ərzində halsızlıq, diqqətin zəifləməsi, reaksiyaların ləngiməsi və əhval dəyişiklikləri bunun əsas əlamətlərindəndir. Uzun müddət davam edən yuxu çatışmazlığı isə piylənmə, diabet və ürək-damar xəstəlikləri riskini artıra bilər.

Digər tərəfdən, yuxuya getmək üçün 30 dəqiqədən çox vaxt sərf olunması da diqqətdən kənarda qalmamalıdır. Bu hal stress, depressiya, narahat ayaq sindromu, yuxu apnesi və bəzi digər sağlamlıq problemləri ilə bağlı ola bilər.

Mütəxəssislər qadınlarda hormonal dəyişikliklərin, yaşlı insanlarda isə xroniki xəstəliklərin yuxu problemlərinin yaranmasına təsir göstərə biləcəyini qeyd edirlər.

Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün nə etməli?

Yatmazdan ən azı 30 dəqiqə əvvəl telefon və digər elektron cihazlardan istifadəni dayandırın.
Yataq otağının sərin, qaranlıq və sakit olmasına diqqət yetirin.

Hər gün eyni vaxtda yatmağa və oyanmağa çalışın.

Qeyd edək ki, yuxuya getməkdə çətinlik üç ay ərzində həftədə ən azı üç gecə təkrarlanırsa, həkimə müraciət etmək tövsiyə olunur.

NE
Nihadə Eyyubova