YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Torpağını əkib-becərməyənləri 200 manat vergi gözləyir — Açıqlama

Torpağını əkib-becərməyənləri 200 manat vergi gözləyir — Açıqlama

Bir çox vətəndaş aldığı torpaq sahəsindən istifadə etmədikdə, onu boş saxlayır. Lakin torpağın əkilməməsi və ya uzun müddət istifadəsiz qalması vergi öhdəliyini avtomatik aradan qaldırmır. Vergi Məcəlləsinə əsasən, hətta kənd təsərrüfatı təyinatlı, lakin təyinatı üzrə istifadə edilməyən torpaqlara görə də vergi nəzərdə tutulur.

Bəs istifadə edilməyən torpaq sahəsi sahibinə nə qədər xərc yarada bilər? Torpağın boş saxlanılmasına görə əlavə vergi və ya cərimə tətbiq edilir?

Əmlak eksperti Firdovsi Xəlilov Demokrat.az-a açıqlamasında bildirib ki, Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrlü səbəblər olmadan təyinatı üzrə istifadə edilmədikdə və ya əkilmədikdə, həmin torpaqlara görə vergi hər 100 kvadratmetr üçün 2 manat həcmində hesablanır.

Torpağını əkib-becərməyənləri 200 manat vergi gözləyir — Açıqlama

Onun sözlərinə görə, normalda əkilən 1 hektar sahə üçün illik vergi bonitet balından asılı olaraq cəmi 2–5 manat təşkil etdiyi halda, istifadəsiz qaldıqda bu rəqəm birdən-birə 200 manata yüksəlir:

"Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsində torpağın təyinatı üzrə istifadə edilməməsinə görə 500 manatadək cərimə sanksiyası, Torpaq Məcəlləsində isə sahənin ardıcıl iki il üzrsüz səbəbdən istifadəsiz qalması halında məhkəmə yolu ilə geri alınması mexanizmi təsbit olunub. Qanunvericilikdə sərt tələblər və cəza mexanizmləri bu şəkildə müəyyən edilsə də, real praktikada vəziyyət hər zaman məcəllədəki qaydalarla üst-üstə düşmür. Vaxtilə özəlləşdirilərək pay torpağı kimi vətəndaşlara verilmiş xeyli sayda ərazi bu gün də sahibləri tərəfindən istifadəsiz saxlanılır.

Lakin bu, heç də həmişə mülkiyyətçinin laqeydliyindən qaynaqlanmır. Əksər hallarda həmin sahələrdə elementar infrastruktur təminatı, o cümlədən suvarma suyu və elektrik xətləri yoxdur, ora gedən yollarda ciddi çatışmazlıqlar mövcuddur və ya yol ümumiyyətlə çəkilməyib. Xüsusilə örüş və yaylaq ərazilərində, dağətəyi relyefdə yerləşən sahələrdə bu problem daha kəskin hiss olunur. Suvarma suyunun və logistikanın olmadığı şəraitdə vətəndaşdan torpağı əkməyi tələb etmək və ya buna görə artırılmış vergi tətbiq etmək iqtisadi baxımdan özünü doğrultmur.

Bu səbəbdən mövcud mexanizmlərə yenidən baxılmasına ciddi ehtiyac var. Yalnız cərimə və artırılmış vergi ilə torpağın dövriyyəyə cəlb edilməsi mexanizmi tam işlək deyil. Qanunvericilik səviyyəsində elə təşviqedici alətlər formalaşdırılmalıdır ki, həm dövlət tərəfindən həmin ərazilərin baza infrastrukturu mərhələli şəkildə təmin edilsin, həm də mülkiyyətçilər sahəni boş saxlamaq əvəzinə onu icarəyə verməyə, kooperativlərdə birləşdirməyə və ya istehsala cəlb etməyə real maraq göstərsinlər.

Məsələyə bir qədər də dərindən və tarixi kontekstdən yanaşdıqda maraqlı bir reallıq üzə çıxır. Sovet dönəmi başa çatdıqda cəmiyyətdə böyük inam və həvəs vardı. Düşünülürdü ki, vaxtilə kolxoz və sovxozlara aid olan dövlət fondu torpaqları özəlləşdirilərək pay şəklində kəndlilərə verilsə, hər kəs öz sahəsində canla-başla işləyəcək, məhsuldarlıq dəfələrlə artacaq. Lakin zaman keçdikcə bu yanaşmanın özünü doğrultmadığını gördük.

Çünki müasir dövrdə bu sahə artıq sadəcə kənd təsərrüfatı deyil, bütün dünyada qəbul edildiyi kimi, bütöv bir aqrar sənayedir. Müasir aqrobiznesin tələb etdiyi texnoloji yenilikləri, dərin bilikləri və resursları fərdi kəndli səviyyəsində tətbiq etmək fiziki olaraq mümkün deyil. Məsələn, 3 hektarlıq alma bağı ilə 50 hektarlıq alma bağının sabit xərclərinin böyük qismi eynidir. Amma sahə kiçik olduqda nə xaricdən gətirilən sertifikatlı şitillərə, nə peşəkar aqronom heyətinə, nə də külli miqdarda vəsait tələb edən müasir texnikaya çəkilən xərclər özünü doğruldur. Nəticədə torpaq xırdalanır, iqtisadi rentabellik itir və sahələr boş qalır.

Bax, bu səbəbdən illərlə istifadəsiz qalan, xüsusi mülkiyyətdə olan xırda pay torpaqlarının şəffaf bazar və hərrac mexanizmləri vasitəsilə irimiqyaslı aqrar şirkətlər və aqroparklar tərəfindən konsolidasiya edilməsi (birləşdirilməsi) üçün qanuni yollar açılmalıdır. Torpaq mülkiyyətçilərinin hüquqları qorunmaqla və ədalətli kompensasiya təmin edilməklə, bu cür torpaqların böyük kapitala və texnoloji imkanlara malik şirkətlərin dövriyyəsinə keçməsi həm aqrar sektorda məhsuldarlığı qat-qat artırar, həm də ölkə üzrə istifadəsiz torpaq problemini birdəfəlik həll edər".

Nuray Paşşanlı