Ermənistanda seçkilər başa çatsa da, Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə bloqer üslubunda paylaşımlarını davam etdirir. O, bu dəfə xaş yeyərkən çəkdirdiyi videosunu izləyiciləri ilə bölüşüb.
Paşinyanın bu cür qeyri-rəsmi və gündəlik həyatını əks etdirən paylaşımlar etməkdə məqsədi nədir? Bu paylaşımlar hansı auditoriyaya hesablanıb və onun ictimai imicinə necə təsir göstərə bilər?
Politoloq Elçin Xalidbəyli Demokrat.az-a bildirib ki, Paşinyanın sosial şəbəkə fəaliyyəti, xüsusilə də bloger kimi davranışları daha çox Ermənistanda daxili auditoriyaya hesablanıb:

"Bu fəaliyyət əsasən hakimiyyəti dəstəkləyən və dəstəkləyə biləcək sosial təbəqələrə yönəlib. Paşinyan bununla özündə "xalqın adamı" imicini formalaşdırmağa çalışır. Ermənistanın baş naziri hesab edir ki, xalq kütlələri arasında sadə, xalqın tərəfində dayanan dövlət lideri obrazının yaradılması onun hakimiyyət maraqları baxımından böyük əhəmiyyət daşıyır. Ona görə də bu istiqamətdə fəaliyyətini davam etdirir. Üstəlik, sonuncu parlament seçkilərində Paşinyan bu metodla geniş xalq kütlələrinə müraciət etməyi bacardı və müəyyən mənada bunun effektiv nəticələrini də gördü. Hesab edir ki, bu texnologiyanı eyni şəkildə davam etdirmək lazımdır. Bununla da Ermənistanda öz hakimiyyətinin dayaqlarını mümkün qədər möhkəmləndirə bilər".
Elçin Xalidbəyli söyləyib ki, bütün bunlar, təbii ki, baş nazir Nikol Paşinyanın şəxsi PR-ı və siyasi maraqları istiqamətində atdığı addımlardır:
"Bu fəaliyyətin Paşinyan üçün faydalı olduğu qətiyyən şübhə doğurmur. Yəqin ki, bundan sonra da o, uzun müddət eyni siyasi texnologiyadan, yəni PR metodundan istifadə etməyə davam edəcək".


