YapiKredi Müraciət Forması
Özəl Sosial

"iPhone" işlədənlər təcili bu funksiyanı aktivləşdirsinlər — Yoxsa...

iPhone işlədənlər təcili bu funksiyanı aktivləşdirsinlər — Yoxsa...

"Apple" cihazlarından istifadə edənlər üçün kibertəhlükəsizlik xəbərdarlığı edilib. "iOS", "iPadOS" və "macOS" əməliyyat sistemlərinin bəzi versiyalarında aşkarlanan təhlükəsizlik boşluğu kiberdələduzlara istifadəçilərin cihazlarını ələ keçirmək və şəxsi məlumatlarını əldə etmək imkanı yarada bilər. Xüsusilə xarici nömrələrdən edilən zənglər, "WhatsApp" və "Telegram" vasitəsilə göndərilən şübhəli mesajlar təhlükəni daha da artırır.

İstifadəçilər cihazlarını və şəxsi məlumatlarını bu cür kiberhücumlardan necə qoruya bilərlər? Hansı təhlükəsizlik qaydalarına əməl etmək vacibdir?

Demokrat.az-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departamentinin rəhbəri Fərid Musayev bildirib ki, "Apple" cihazlarını ("iOS", "iPadOS", "macOS") və şəxsi məlumatları bu növ mürəkkəb kiberhücumlardan qorumaq üçün fundamental təhlükəsizlik qaydalarına əməl etmək vacibdir:

iPhone işlədənlər təcili bu funksiyanı aktivləşdirsinlər — Yoxsa...

"Aşkarlanan təhlükəsizlik boşluqlarının əksəriyyəti proqram təminatına yeniləmələr və düzəlişlər tətbiq edilməklə aradan qaldırılır. Cihazınızın parametrlərində "Proqram təminatının yenilənməsi" bölməsinə daxil olaraq avtomatik yenilənmələri aktiv edin.

Bununla yanaşı, yalnız "Apple"ın rəsmi tətbiq mağazasından yüklənmiş tətbiqlərdən istifadə edin və onları daim yenilənmiş vəziyyətdə saxlayın. Xarici nömrələrdən gələn zənglər və şübhəli mesajlar vasitəsilə yarana biləcək təhlükələri minimuma endirmək üçün tanımadığınız şəxslərdən gələn və ya şübhəli görünən (qısaldılmış internet ünvanları, məsələn, bit.ly/...) keçidlərə klikləməyin. Bu keçidlər istifadəçinin heç bir hərəkəti olmadan həyata keçirilən hücumlar üçün giriş vasitəsi ola bilər".

Fərid Musayev qeyd edib ki, şübhəli mesajlarla göndərilən PDF formatlı sənədləri, digər sənədləri və media fayllarını, xüsusilə də tanımadığınız şəxslərdən gəldikdə, yükləməmək və açmamaq məsləhət görülür:

""WhatsApp" və "Telegram" tətbiqlərində "Məxfilik" bölməsinə daxil olaraq, kimlərin sizi qrupa əlavə edə və ya sizə zəng edə biləcəyini yalnız kontaktlarınızla məhdudlaşdırın. Bu, şəxsi məlumatlarınızın ("Apple ID") ələ keçirilməsi halında əlavə müdafiə qatı yaradır. "Apple ID" hesabınız üçün mütləq iki mərhələli təsdiqləməni aktiv edin. Bu, şifrəniz oğurlansa belə, hücumçunun hesabınıza girişini çətinləşdirir. "WhatsApp" və digər vacib hesablarınızda da iki mərhələli təsdiqləməni aktivləşdirin.

İctimai simsiz internet şəbəkələrindən istifadədən çəkinin. Hava limanları, kafelər və digər ictimai məkanlardakı açıq simsiz internet şəbəkələri üzərindən bank əməliyyatları aparmayın və şəxsi yazışmalar etməyin. Belə şəbəkələrdən istifadə etmək məcburiyyətində qaldıqda, etibarlı virtual özəl şəbəkə xidmətindən yararlanın.

"AirDrop" funksiyasını yalnız "Kontaktlar" rejimində saxlayın ki, tanımadığınız şəxslər sizə fayl göndərə bilməsin. Cihazınız üçün sadə (1234, doğum tarixi və s.) olmayan, uzun və mürəkkəb giriş kodu təyin edin. Üz və barmaq izi vasitəsilə tanıma funksiyalarından aktiv istifadə edin, lakin cihazın fiziki təhlükəsizliyinə də diqqət yetirin.

Xülasə, ən yaxşı müdafiə "Sıfır etibar" yanaşmasıdır. Tanımadığınız nömrələrdən gələn hər hansı təklifi, keçidi və ya faylı avtomatik olaraq təhlükəli hesab etmək və onlara reaksiya verməmək kiberhücumların uğurlu olmasının qarşısını alan ən effektiv addımlardan biridir".

Fidan Hacızadə

FH
Fidan Hacızadə
Müxbir