YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Qaralmış gümüşü parıldatmağın sadə yolu: İki mətbəx məhsulu kifayətdir

Qaralmış gümüşü parıldatmağın sadə yolu: İki mətbəx məhsulu kifayətdir

Gümüş zinət əşyaları zaman keçdikcə qaralır və əvvəlki parlaqlığını itirir. Lakin bu, sevimli bəzək əşyasından imtina etmək demək deyil. Cəmi iki mətbəx məhsulu və su ilə hazırlanan məhlul vasitəsilə gümüş zəncirin üzərindəki tünd təbəqəni təmizləmək mümkündür.

Demokrat.az xəbər verir ki, bu barədə Polşanın "SE.pl" nəşri yazıb.

Gümüşün qaralması əsasən metalın havada olan hidrogen-sulfidlə reaksiyaya girməsi nəticəsində baş verir. Bu proses zamanı zinət əşyasının səthində gümüş-sulfid təbəqəsi yaranır. Onun rəngi sarımtıldan qarayadək dəyişə bilər. Bəzi kosmetik vasitələr, rezin və qida məhsulları da bu prosesi sürətləndirə bilər.

Gümüş zənciri necə təmizləmək olar?

Bunun üçün kiçik qabın içərisinə parlaq tərəfi yuxarı olmaqla alüminium folqa sərilməlidir. Daha sonra qaba isti su tökülür, bir çay qaşığı duz və bir çay qaşığı soda əlavə edilir. Qaralmış zəncir məhlulun içərisinə yerləşdirilərək 15 dəqiqə saxlanılır.

Bu müddətdə kimyəvi reaksiya baş verir və gümüşün səthindəki qaralmaya səbəb olan maddələr alüminium folqaya keçir. Proses başa çatdıqdan sonra zinət əşyası qabdan çıxarılmalı, axar su altında yaxşıca yuyulmalı və yumşaq parça ilə qurulanmalıdır. Bu üsul zənciri sürtmədən təmizləməyə imkan verir.

Lakin bu metod bütün zinət əşyaları üçün uyğun deyil. Xüsusilə mirvari, opal, firuzə və kəhrəba kimi həssas daşlarla bəzədilmiş əşyalarda tətbiq edilməməlidir.

Diş pastası ilə təmizləmək mümkündürmü?

Gümüşün qaralmasını aradan qaldırmaq üçün diş pastasından da istifadə olunur. Bununla belə, bu üsulda ehtiyatlı olmaq lazımdır. Tərkibində aşındırıcı hissəciklər olan diş pastası metalın səthini cıza bilər.

Bu üsulu sınamaq istəyənlərə yumşaq, aşındırıcı hissəcikləri olmayan diş pastası seçmək tövsiyə edilir. Pasta zinət əşyasına çəkilərək 20 dəqiqə saxlanılır, daha sonra yumşaq diş fırçası ilə ehtiyatla təmizlənir və su ilə yuyulur.

Mütəxəssislər gümüş zinət əşyalarının parlaqlığını qorumaq üçün onlara mütəmadi qulluq etməyi məsləhət görürlər.

Jalə