YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Soyuducuya bir kasa düyü qoymağın faydası – Artıq nəmdən xilas olmağın sadə yolu

Soyuducuya bir kasa düyü qoymağın faydası – Artıq nəmdən xilas olmağın sadə yolu

Soyuducuda yaranan artıq nəmlik, kondensasiya və xoşagəlməz qoxuların qarşısını almaq üçün sadə bir üsuldan istifadə etmək mümkündür. Mütəxəssislərin diqqət çəkdiyi bu üsul adi çiy düyü ilə bağlıdır.

Demokrat.az xəbər verir ki, Fransanın "Maison&Travaux" nəşri soyuducuda bir kasa düyü saxlamağın mümkün faydalarından yazıb.

Məlumata görə, çiy düyü ətrafdakı nəmi özünə çəkən təbii uducu vasitə kimi çıxış edə bilər. Bu üsul soyuducunun daxilində rütubətin müəyyən qədər azalmasına, eləcə də nəmlikdən yaranan xoşagəlməz qoxuların zəifləməsinə kömək edir.

Bunun üçün dərin bir qaba çiy düyü tökərək soyuducunun rəfinə, xüsusilə arxa divara yaxın hissəyə yerləşdirmək tövsiyə olunur. Nəşrin məlumatına görə, düyünü təxminən 3-4 həftədən bir dəyişdirmək lazımdır. Düyünün topalaşması və xarab olmağa başlaması onun yenilənməsi üçün siqnal hesab olunur.

Mütəxəssislər bu məqsədlə bişmiş düyüdən istifadə etməməyi məsləhət görürlər. Çünki bişmiş düyü tez xarab ola və kiflənə bilər. Xoşagəlməz qoxuları azaltmaq üçün qaba bir neçə damcı lavanda və ya evkalipt efir yağı əlavə etmək də təklif olunur.

Lakin bu üsul problemin köklü həlli deyil.

Soyuducuda davamlı nəmlik və su yığılması texniki nasazlığın əlaməti ola bilər. Bunun əsas səbəbləri arasında drenaj dəliyinin tutulması, qapı rezininin zədələnməsi, temperaturun düzgün tənzimlənməməsi və termostatın sıradan çıxması var.

Bu səbəbdən düyü üsulu yalnız köməkçi vasitə kimi qiymətləndirilməli, nəmlik problemi davam edərsə, onun əsas səbəbi araşdırılmalıdır.

Jalə