YapiKredi Müraciət Forması
Maraqlı

Çaydandakı ərpi sirkəsiz və sodasız təmizləməyin sadə yolu

Çaydandakı ərpi sirkəsiz və sodasız təmizləməyin sadə yolu

Çaydanın dibində və divarlarında yığılan ərpi təmizləmək üçün bahalı kimyəvi vasitələrə ehtiyac yoxdur. Mətbəxdə asanlıqla tapılan limon turşusu bu problemin həllində effektiv üsullardan biri hesab olunur. Xüsusilə sərt sudan istifadə edilən evlərdə bu üsul cihazın təmiz saxlanmasına kömək edə bilər.

Demokrat.az xəbər verir ki, bu barədə UNIAN nəşri yazıb.

Ərp suyun dəfələrlə qaynadılması nəticəsində tərkibindəki mineralların çaydanın dibində və divarlarında toplanması ilə yaranır. Zaman keçdikcə ağ rəngli, bərk çöküntüyə çevrilən bu qat adi süngərlə asanlıqla təmizlənmir. Ərp yalnız cihazın görünüşünü korlamır, həm də istilik ötürülməsini zəiflədir və suyun qızması üçün daha çox enerji sərf olunmasına səbəb ola bilər.

Limon turşusu ilə təmizləmə qaydası

Çoxları ərpi təmizləmək üçün sirkədən istifadə edir. Bu üsul nəticə versə də, kəskin qoxusu uzun müddət mətbəxdə qala bilər. Alternativ olaraq limon turşusundan yararlanmaq mümkündür.

Bunun üçün çaydanın dibinə iki xörək qaşığı limon turşusu və ya 15 qramlıq bir paket əlavə edib üzərinə bir litr su tökmək lazımdır. Daha sonra cihazı işə salaraq suyu qaynatmaq və 30 dəqiqə gözləmək tövsiyə olunur. Ərp çox qalın olduqda məhlulu bir saata qədər saxlamaq olar.

Adi, elektriklə işləməyən çaydanlarda da eyni üsuldan istifadə edilir. Qarışıq ocaqda qaynadıldıqdan sonra təxminən 5 dəqiqə saxlanılır, ardınca 20-40 dəqiqə dəmlənməyə qoyulur.

Təmizləmədən sonra nə etmək lazımdır?

Prosedur başa çatdıqdan sonra məhlulu boşaltmaq və çaydanın içini yumşaq süngərlə silmək lazımdır. Səthi cızmamaq üçün sərt təmizləyici vasitələrdən istifadə etmək məsləhət görülmür.

Daha sonra çaydana bir litr adi su əlavə edib yenidən qaynatmaq və həmin suyu boşaltmaq lazımdır. Bu addım limon turşusunun qalıqlarının təmizlənməsinə kömək edir.

Mənbənin tövsiyəsinə görə, ərpin yenidən yığılmasının qarşısını almaq üçün təmizləmə ayda bir dəfə aparıla bilər. Suyun sərt olduğu ərazilərdə isə bu proseduru iki həftədən bir təkrarlamaq mümkündür. Məhlulun hazırlanması zamanı cihazın istehsalçısının qulluq təlimatlarına da əməl edilməlidir.

Jalə