Azərbaycanda əməkhaqları və pensiyalar artırıldıqdan sonra bazarda ərzaq məhsullarının qiymətində də artım müşahidə olunduğu ilə bağlı müzakirələr yaranır. Bir tərəfdən əhalinin gəlirlərinin yüksəldilməsi sosial rifahın yaxşılaşdırılmasına xidmət etsə də, digər tərəfdən qiymət artımı bu qazancın müəyyən hissəsini azalda bilər.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Demokrat.az-a açıqlamasında bildirib ki, bazarda qiymətlər tələb və təklifin kəsişməsi əsasında formalaşır.
Onun sözlərinə görə, təklif olunan məhsulların qiymətinin artmasına isə bir sıra amillər təsir edir:

"Bunlara məhsulların maya dəyərinin dəyişməsi, istehsal və təchizat prosesində çəkilən xərclərin artması, eləcə də həmin məhsullara tələbin yüksəlməsi daxildir. Əgər bazarda təklif az, tələb isə çoxdursa, bu da öz növbəsində qiymət artımına gətirib çıxarır. Bazarda alıcılıq qabiliyyətinə təsir edən amillərdən biri də əhalinin gəlirləridir. Gəlirlərin artması da bu prosesə müəyyən təsir göstərir.
Ümumiyyətlə, Azərbaycanda son dövrlər həm daxili bazarda, həm də dünya bazarında baş verən proseslərlə əlaqədar olaraq qiymət artımları davam edir. Hazırkı şəraitdə əməkhaqları artsa belə, qiymətləri sabit saxlamaq hələ ki mümkün görünmür. Çünki bazar iqtisadiyyatı şəraitində qiymətlərə birbaşa dövlət müdaxiləsi də uyğun deyil. Digər tərəfdən, məhsulları bazara gətirən sahibkarlar da həmin məhsulları əldə edərkən əvvəlki dövrlə müqayisədə daha yüksək xərclərlə qarşılaşırlar".
Ruslan Atakişiyev əlavə edib ki, yəni istehsal və təchizat zəncirində bahalaşma prosesi gedirsə, əməkhaqlarının artıb-artmamasından asılı olmayaraq, bu, son məhsulun qiymətinə təsir göstərir:
"Eyni zamanda, qiymət artımları ayrı-ayrı müəssisə və təşkilatların daxilində də baş verir. Ümumi qiymət artımları ilə müqayisədə pensiyalarda həyata keçirilən illik artımlar daha aşağı faizlə ifadə olunur. Minimum əməkhaqqının artırılması isə daha geniş əhali kütləsinə təsir göstərir. Bununla yanaşı, ayrı-ayrı müəssisə və təşkilatlar da öz işçilərinin əməkhaqlarını fərqli qaydada və müxtəlif məbləğlərdə artırırlar".


