2026–2027-ci illərin qış mövsümü ilə bağlı proqnozlar dünyada hava şəraitinin kəskin dəyişə biləcəyi ehtimalını gündəmə gətirib. Super El Niño və qütb burulğanının eyni dövrdə təsirli olması Avropanın cənub-şərqi və Türkiyə də daxil olmaqla bir sıra regionlarda soyuq hava dalğalarının və intensiv yağıntıların artmasına səbəb ola bilər. Bu fonda qarşıdakı qış mövsümünün Azərbaycanda necə keçəcəyi də maraq doğurur.
2026–2027-ci illərin qış mövsümündə Azərbaycanda hava şəraitinin necə olacağı gözlənilir? Ölkədə sərt şaxtalar, qar yağışı və kəskin temperatur dəyişiklikləri müşahidə oluna bilərmi?
Ekoloq Qorxmaz İbrahimli Demokrat.az-a açıqlamasında deyib ki, iqlim dəyişiklikləri fonunda bir çox fikirlər səsləndirilir və müəyyən mənada elə bir PR aparılır ki, insanlar artıq narahat olmağa başlayıblar:

"El Niño cərəyanı əvvəllər mövcud olub. Sadəcə hazırda onun şiddəti və təsiri artıb. Ümumiyyətlə, dünyada iqlim dəyişiklikləri hər zaman baş verib. XX əsrdə baş verən müharibələr, ağır sənayenin və mədən sənayesinin inkişafı, karbohidrogen yataqlarının sürətlə istismarı, kömür istehsalının və hasilatının artması və digər amillər iqlim dəyişikliklərini sürətləndirib. Xüsusilə ağır sənayenin inkişafı quraqlığın artmasına, bəzi ərazilərdə isə havanın temperaturunun yüksəlməsinə səbəb olub. Nəticədə qlobal istiləşmə güclənib, buzlaqlar əriməyə başlayıb və bunun fonunda müxtəlif iqlim hadisələri meydana çıxıb. Hazırda müzakirə olunan Super El Niño və son günlər proqnozlaşdırılan yağıntılı hava şəraiti ilə bağlı deyilənlərin müəyyən əsası var. Bu proqnozlar müxtəlif hesabatlar, peyk görüntüləri və digər məlumatlar əsasında hazırlanır. Ola bilsin ki, səsləndirilən fikirlərdə həqiqət payı kifayət qədər çoxdur. Lakin burada nəzərə almaq lazımdır ki, yaşadığımız ərazi Şimal yarımkürəsinin mülayim subtropik iqlim qurşağında yerləşir və artıq qış fəslinə doğru gedirik. Payızın ikinci ayını başa vurub üçüncü ayına qədəm qoyuruq. Qarşıdan isə qış gəlir".
Ekoloq əlavə edib ki, əgər proqnozlaşdırılan hava şəraiti reallaşarsa, bu regiona təsir edən hava kütlələri əsasən Atlantik okeanı istiqamətindən daxil olacaq:
"Atlantik okeanından gələn hava kütlələri, bir qayda olaraq, yağıntılarla müşayiət olunur. Türkiyəyə təsir edəcəyi gözlənilən yağıntılı hava kütlələri bizim iqlim qurşağımıza da təsir göstərə bilər. Eyni zamanda, Arktikada və qütb bölgələrində baş verən burulğanlar, eləcə də digər atmosfer dəyişiklikləri qış aylarında soyuq hava kütlələrinin Azərbaycana daxil olmasına səbəb ola bilər. Bu isə qışın qarlı və yağıntılı keçməsi ehtimalını artırır. Hərçənd havanın mütləq şəkildə belə olacağını indidən dəqiq söyləmək mümkün deyil.
Hesab edirəm ki, qar müşahidə oluna bilər və bunun ölkəmiz üçün mənfi tərəfləri ilə yanaşı, faydaları da var. Çünki biz onsuz da qış fəslinə daxil oluruq. Qışda qarın bol yağması faydalıdır. Bu, həmçinin Xəzərin su ehtiyatlarının artmasına da töhfə verə bilər".


