Məşhur müğənni Suki Voterhaus aktyor Robert Pattinsonla gizli şəkildə evləndikləri barədə yayılan iddiaları təkzib edib. O, səkkiz ildir davam edən münasibətlərinin hələ nikahla nəticələnmədiyini və gələcəkdə böyük bir toy mərasimi keçirməyi planlaşdırdıqlarını açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" nəşri məlumat yayıb.
34 yaşlı Voterhaus son müsahibəsində şəxsi həyatı ilə bağlı nadir açıqlamalar verib. Müğənni bildirib ki, 40 yaşlı Robert Pattinsonla toy planları hələlik təxirə salınıb. Onun sözlərinə görə, əgər bu addımı atsalar, mərasim olduqca möhtəşəm olacaq.
"Ya hər şey, ya da heç nə. Bu addımı atsaq, böyük bir şənlik təşkil edəcəyik. Hər şey çox təmtəraqlı olacaq", deyə Voterhaus bildirib.
2018-ci ildən birlikdə olan cütlüyün gizli nikah bağladığı barədə söz-söhbətlər onların 2024-cü ilin martında qız övladlarının dünyaya gəlməsindən sonra daha da güclənmişdi. Lakin müğənni bu iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb.
Voterhaus münasibətlərinin uzunömürlü olmasından məmnunluğunu da ifadə edib. O, Pattinsonla birlikdə valideynlik məsuliyyətini uğurla bölüşdüklərini və iki yaşlı qızlarına çox bağlı olduqlarını söyləyib.
Cütlüyün nişanlanması ilə bağlı iddialar isə ilk dəfə 2023-cü ilin dekabrında Voterhausun barmağında brilyant üzük görünməsindən sonra gündəmə gəlmişdi. Daha sonra Pattinsonun Zendaya ilə birlikdə çəkildiyi "The Drama" filminin premyerasında səsləndirdiyi müəmmalı zarafat da onların gizli evliliyi barədə müzakirələri yenidən alovlandırmışdı.
Jalə


