İspaniyanın "Tenerife" klubunun hücumçusu Xesus de Migelin ölümü ilə bağlı polis araşdırmaya başlayıb. Hadisənin "Andorra" ilə qarşılaşmada yaşanan ağır toqquşmadan sonra baş verməsi futbol ictimaiyyətində böyük kədər yaradıb.
Dmeokrat.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.
İspaniya Milli Polisinin qətl işləri üzrə xüsusi qrupu 30 yaşlı futbolçunun ölümünə səbəb olan hadisənin təfərrüatlarını araşdırır. Diqqət mərkəzində matçın son dəqiqələrində de Migel ilə "Andorra"nın qapıçısı Xesus Ovononun toqquşması dayanır.
Hadisə zamanı hücuma keçən de Migel rəqib qapısına doğru irəliləyərkən qapıçı qapı xəttini tərk edərək topa müdaxilə etməyə çalışıb. Nəticədə futbolçular sərt şəkildə toqquşub və "Tenerife"nin hücumçusu yerə yıxılıb.
Ona dərhal meydançada tibbi yardım göstərilib. Ürək və tənəffüs dayanması yaşayan futbolçuya ürək masajı və süni tənəffüs tətbiq edildikdən sonra "Nuestra Señora de la Candelaria" Universitet Xəstəxanasına çatdırılıb. O, reanimasiya şöbəsinə yerləşdirilsə də, vəziyyəti sonradan ağırlaşıb və çərşənbə axşamı səhər saat 08:00-da vəfat edib.
Futbolçunun ölümü İspaniya futbolunda böyük kədərə səbəb olub. Bir sıra klublar və futbol nümayəndələri mərhumun ailəsinə, eləcə də "Tenerife" klubuna başsağlığı veriblər. İspaniya Kral Futbol Federasiyası da onun xatirəsinə bəzi kubok oyunlarının təxirə salınması barədə qərar qəbul edib.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırmanın başlanması "Andorra"nın qapıçısı Xesus Ovono barəsində hər hansı ittihamın irəli sürüldüyü və ya onun futbolçunun ölümünə görə məsuliyyət daşıdığının sübuta yetirildiyi anlamına gəlmir. Hadisənin bütün təfərrüatları polis araşdırmasının nəticəsində müəyyənləşəcək.
Jalə


