YapiKredi Müraciət Forması
Kriminal Özəl

Bakıda kişi arvadını 50 manata görə döydü

Bakıda kişi arvadını 50 manata görə döydü

Bakının Yasamal rayonunda ər-arvad arasında baş verən mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il yanvarın 1-də baş verib. 2002-ci il təvəllüdlü Nurlan yaşadıqları evdə arvadı Nigarla (adlar şərtidir – red.) mübahisə edib.

İstintaq sənədlərinə görə, onların fikirlərinin üst-üstə düşməməsi və şəxsi münasibətlərinin pozulması zəminində mübahisə yaranıb. Mübahisə zamanı Nurlan arvadının üz nahiyəsinə əli və yumruğu ilə 2-3 dəfə zərbə vuraraq ona xəsarət yetirib.

Nurlana Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Nurlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 4 ildir Nigarla rəsmi nikah əsasında evlidir və onlar birlikdə yaşayırlar.

"Yanvarın 1-də arvadım uşaqlarımıza hədiyyə verilən beşiyi sosial şəbəkədə 70 manata satdı və həmin pulun 20 manatını mənim anama verdi. Daha sonra Nigar övladım Mələyi götürərək şəhərə gəzməyə getdi. Təxminən saat 19 radələrində Nigar evə gəldikdə ondan 50 manatı nəyə xərclədiyini soruşdum. O isə cavabında həmin pula şəhərdə övladımız üçün azuqə aldığını bildirdi. Mən Nigara maddi vəziyyətimin pis olduğunu dedim. Həmin pulu xərclədiyinə görə onunla mübahisə etməyə başladım. Mübahisə zamanı əsəbiləşərək arvadımın üz nahiyəsinə sağ əlimlə 2-3 dəfə zərbə, o cümlədən yumruq vurdum".

İş üzrə zərərçəkmiş Nigar ifadəsində göstərib ki, 2022-ci ildə Nurlanla rəsmi nikah əsasında ailə həyatı qurub. Onun sözlərinə görə, hadisədən təxminən 10 gün əvvəl 2 yaşlı qızının bağça müəllimi ailələrinin maddi vəziyyətinin yaxşı olmadığını nəzərə alaraq ona öz evindən işlənmiş uşaq beşiyi verib.

Zərərçəkmiş qeyd edib ki, həmin beşiyi götürərək yaşadığı evə gətirib.

"Daha sonra beşiyi satmaq üçün "Instagram" sosial şəbəkəsində elan yerləşdirdim və 2026-cı il yanvarın 1-də bir nəfər həmin beşiyi məndən 70 manata aldı. Həmin məbləğin 20 manatını qaynanama verdim, sonra isə uşağımı əmimgilin ailəsi ilə birlikdə Bakı şəhərində gəzməyə apardım. Orada olarkən 50 manata uşağım üçün yemək və digər azuqələr aldım. Saat 19 radələrində evə qayıtdım və ərim 50 manatı xərclədiyimə görə mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı mənə əl və yumruq zərbələri vuraraq məni döydü və xəsarət yetirdi".

Zərərçəkmiş şəxs ifadəsinin sonunda əri ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor