"Türkiyəli jurnalist Yılmaz Özdilin Azərbaycanın Zəfər Günü və Azərbaycan Prezidentinin Atatürk sevgisindən irəli gələn çox düşünülmüş addımına yüksək qiymət verməsi məni təsirləndirdi. Son günlərdə, təəssüf ki, Türkiyədə sosial şəbəkələrdə bir qrup insan Azərbaycanla bağlı xoşagəlməz fikirlər səsləndirir, ölkəmizi aidiyyəti olmayan məsələlərdə ittiham etməyə çalışırdı. Amma görünən odur ki, əsl Türkiyə ziyalısı Azərbaycanın qiymətini bilir və ona yüksək dəyər verir. Əlbəttə ki, Atatürk təkcə Türkiyənin fəxri və kimliyinin simvolu deyil, o, bütün türk dünyasının simvollarından biridir. Atatürkə Azərbaycanda da böyük sevgi və hörmət var".
Bu fikirləri Demokrat.az-a açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, heç vaxt sadə türkün qəlbində və düşüncəsində Azərbaycana qarşı kölgə yaratmaq mümkün deyil.
"Şəhərin mərkəzində, Türkiyə səfirliyinin qarşısında Atatürkün möhtəşəm abidəsi ucaldılıb. Bir neçə gün əvvəl Türkiyənin Cümhuriyyət Günü münasibətilə bir qrup Milli Məclis deputatı həmin abidəni ziyarət edərək önünə gül dəstələri qoydu. Məhz Atatürkə olan sevgi və hörmət Zəfər Günümüzün Şuşanın azad edildiyi gün qeyd olunması qərarının qəbul edilməsində əsas amillərdən biri oldu. Bununla da bitmir, Türkiyəyə olan sevgimizi göstərən çoxsaylı nümunələr sadalamaq olar. Görünən odur ki, heç vaxt sadə türkün qəlbində və düşüncəsində Azərbaycana qarşı kölgə yaratmaq mümkün deyil. Necə ki, azərbaycanlının qəlbində, düşüncəsində və davranışlarında Türkiyəyə qarşı böyük sevgi var. Bizim gücümüz birliyimizdə, bir-birimizə dəstəyimizdədir. Bu, təkcə Azərbaycan və Türkiyəyə deyil, bütün türk dövlətlərinə aiddir. Dünya bu gün türk dövlətlərinin bir-birinə olan dostluğunu və qardaşlığını görür. Arzu edirəm ki, dünyanın digər bölgələrində də dil yaxınlığı olan xalqlar bir-birinə yaxın olsunlar".
Qeyd edək ki, Türkiyəli jurnalist Yılmaz Özdil Azərbaycan-Türkiyə münasibətlərinin milli maraqlar üzərindən qurulmalı olduğunu bildirib. O, bəzi dairələrin müxtəlif müzakirələrin bəhanəsi ilə iki ölkənin arasını vurmağa çalışdığını söyləyib. Yılmaz Özdil Fələstin rəhbərliyinin Türkiyə əleyhinə addımlarını xatırladaraq Azərbaycanın İsraillə strateji tərəfdaşlığını dəstəkləyib. Onun sözlərinə görə, İsrail silahları Vətən müharibəsində Bakının qələbəsində mühüm rol oynayıb. Jurnalist İlham Əliyevin Zəfər Gününü 8 noyabra dəyişməsini Atatürkə verilən böyük hörmət kimi qiymətləndirib.


