2024–2025-ci illərdə dünyada peşə fəaliyyəti zamanı öldürülən jurnalistlərin sayı əvvəlki ikiillik dövrlə müqayisədə 20 faiz çoxalıb. İki il ərzində 189 media nümayəndəsi və kontent yaradıcısı həyatını itirib. Bu, 2014–2015-ci illərdən bəri qeydə alınan ən yüksək göstəricidir.
Demokrat.az xəbər verir ki, bu barədə UNESCO-nun yeni hesabatında məlumat verilib.
Sənəddə bildirilir ki, 2025-ci il son səkkiz ilin jurnalistlər üçün ən ölümcül illərindən biri olub. Ölüm hallarının əksəriyyəti silahlı münaqişələrin baş verdiyi ərazilərdə qeydə alınıb. Həmin hücumlar arasında pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirilən zərbələr də var.
UNESCO-nun məlumatına görə, jurnalist ölümlərinin sayına görə ərəb ölkələri ilk sırada qərarlaşıb. Sözügedən regionda 97 media əməkdaşı öldürülüb. Latın Amerikası və Karib hövzəsində isə 37 jurnalistin həyatına son qoyulub.
Ölkələr üzrə statistika da diqqət çəkir. 2024–2025-ci illərdə ən çox jurnalist itkisi Fələstində qeydə alınıb. Bu ərazidə azı 62 media nümayəndəsi öldürülüb. Eyni müddətdə Ukraynada 12, Rusiyada isə iki jurnalistin qətlə yetirildiyi açıqlanıb.
Hesabatda vurğulanır ki, jurnalistlərin həyat və təhlükəsizliyinin qorunması beynəlxalq ictimaiyyət qarşısında aktual problemlərdən biri olaraq qalır. Münaqişə bölgələrində çalışan media nümayəndələrinin üzləşdiyi təhlükələr isə bu sahədə daha ciddi tədbirlərin görülməsinin vacibliyini göstərir.
Jalə


