YapiKredi Müraciət Forması
Dünya Özəl

Məzarlıqlarda yer tapılmır deyə meyitləri gübrəyə çevirəcəklər

Məzarlıqlarda yer tapılmır deyə meyitləri gübrəyə çevirəcəklər

İsveçrədə məhdud torpaq ehtiyatları və qəbiristanlıqlarda yer çatışmazlığı dəfn ənənələrinə fərqli yanaşmaların yaranmasına səbəb olub. Ölkədə qəbir yerlərinin müəyyən müddətə ayrılması, meşə qəbiristanlıqlarının yaradılması və hətta insan cəsədlərinin komposta çevrilməsi kimi alternativlər gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, İsveçrədə qəbir yerləri, əsasən, 25 il müddətinə icarəyə verilir. Bu müddət başa çatdıqdan sonra qalıqlar ümumi məzarlığa köçürülür və ya ərazi yeni dəfnlər üçün boşaldılır. Beləliklə, torpaq sahələrindən daha səmərəli istifadə edilməsi hədəflənir.

Ölkədə 1990-cı illərdən etibarən meşə qəbiristanlıqları da geniş yayılmağa başlayıb. Bu üsulda kremasiya nəticəsində əldə edilən kül ağacın kökləri altına basdırılır. Ənənəvi qəbir daşı əvəzinə ağac mərhumun xatirəsini yaşadan simvola çevrilir. Nəticədə qəbiristanlıqlar yalnız dəfn və yas məkanları deyil, insanların gəzintiyə çıxdığı, təbiətlə təmasda olduğu ictimai ərazilər kimi də istifadə edilir.

İnsan cəsədlərinin komposta çevrilməsi müzakirə olunur

Bununla yanaşı, Cenevrə kantonunun Karuj bələdiyyəsi ənənəvi dəfn və kremasiyaya alternativ olan yeni üsulu – insan cəsədlərinin nəzarətli parçalanma yolu ilə üzvi maddəyə çevrilməsini müzakirəyə çıxarıb.

41media.org-un məlumatına görə, noyabrın 9-da bu mövzuda "Compostez-moi" adlı sənədli filmin nümayişi və ictimai müzakirə təşkil olunacaq. Təşəbbüsün əsas səbəblərindən biri əhali artımı fonunda qəbiristanlıqlarda yer çatışmazlığıdır. Bələdiyyə nümayəndəsi Raffaele Fraomenenin sözlərinə görə, torpağa basdırılan bəzi cəsədlər 20 ildən sonra belə tam parçalanmadığından qəbir yerlərinin təkrar istifadəsi çətinləşir.

"Humuslaşdırma" adlanan bu üsulda insan cəsədi xüsusi nəzarət edilən şəraitdə təbii parçalanma prosesindən keçirilərək üzvi maddəyə çevrilir. Lakin prosesin təhlükəsizliyi, əldə edilən maddənin tərkibi və onun sonradan necə istifadə olunacağı hələ də araşdırılmalıdır.

Hazırda bu üsul İsveçrədə qanuni dəfn praktikaları arasında yer almır. Bununla belə, Vo kantonunda alimlər insan cəsədlərinin nəzarətli şəraitdə komposta çevrilməsi ilə bağlı dörd il davam etməsi nəzərdə tutulan tədqiqatlar aparırlar. Araşdırmalarda metodun effektivliyi, ekoloji təsirləri və mümkün sağlamlıq riskləri qiymətləndiriləcək.

ABŞ-da 45 günə 130 kiloqram üzvi maddə əldə edilir

İnsan cəsədlərinin komposta çevrilməsi ABŞ-ın bəzi ştatlarında artıq kommersiya xidməti kimi tətbiq olunur. Xüsusi qapalı kameralarda həyata keçirilən proses təxminən 45 gün davam edir və nəticədə orta hesabla 130 kiloqram üzvi maddə əldə edilir. Müvafiq qaydalar çərçivəsində ailələr bu maddənin müəyyən hissəsini götürə bilirlər.

İsveçrədə isə yeni üsulun tətbiqi ilə bağlı hələlik yekun qərar yoxdur. Əsas müzakirə mövzularından biri əldə edilən üzvi maddənin təbiətdə istifadə olunması, yoxsa xüsusi qəbiristanlıq ərazisində saxlanılmasıdır.

Beləliklə, İsveçrə həm torpaq ehtiyatlarından səmərəli istifadə, həm də ətraf mühitə təsirlərin azaldılması baxımından ənənəvi dəfn üsullarına alternativləri araşdırır.

Jalə