Yerli bazarda yeni elektrikli avtomobil modeli satışa təqdim olunub. Üç nəfərlik oturacaq tutumuna malik nəqliyyat vasitəsi texniki göstəriciləri və sərfəli istifadə imkanları ilə diqqət çəkir. Avtomobil tam enerji doldurulması ilə 45-50 kilometrədək məsafə qət edə bilir. Avtomat sürətlər qutusu ilə təchiz olunan nəqliyyat vasitəsinin arxa hissəsində iki nəfərlik oturacaq yerləşir. Ümumilikdə isə avtomobil üç sərnişin üçün nəzərdə tutulub. Satışa çıxarılan avtomobil zəmanətlə təqdim olunur. Alıcılar üçün ehtiyat hissələrinin mövcudluğu və servis xidməti də təmin edilir. Bundan əlavə, ilkin ödəniş etməklə avtomobili kreditlə əldə etmək imkanı da var.
Son zamanlar sosial mediada gündəmə gəldiyini nəzərə alsaq bunun kimi nəqliyyat vasitələrinə tələbatın artması gözlənilir? Bu kimi nəqliyyat vasitələrini sürücülük vəsiqəsiz sürmək mümkündür?
Nəqliyyat eksperti Razil Nağıyev Demokrat.az-a bu barədə açıqlamasında deyib ki, yerli bazara çıxarılan bu elektrikli nəqliyyat vasitəsi kiçik ölçüsü və aşağı istifadə xərcləri ilə diqqət çəkir:

"Tam enerji ilə 45–50 km məsafə qət etməsi onu qısa səfərlər, xüsusilə də kuryer və çatdırılma xidmətləri üçün maraqlı seçimə çevirə bilər. Xarici təcrübədə bu tip yığcam elektrikli kvadrosikllər şəhərdaxili qısa səfərlərdə və son mərhələ çatdırılmasında istifadə olunur. Bəzi Avropa ölkələrində belə nəqliyyat vasitələrinin həm sərnişin daşımaq, həm də yük daşınması üçün uyğunlaşdırılmış modelləri şəhərdaxili gedişlərə və çatdırılma xidmətlərinə yönəldilir".
Onun sözlərinə görə, modelin yaxın vaxtlarda kütləvi şəkildə yayılacağını demək hələ tezdir:
"Məhdud yürüş məsafəsi, təhlükəsizlik göstəriciləri, yol şəraitində qorunma səviyyəsi və servis imkanları alıcıların qərarına təsir edəcək. Sürücülük vəsiqəsinin hansı kateqoriyasının tələb olunması nəqliyyat vasitəsinin rəsmi sənədlərdəki təsnifatına əsasən müəyyən edilir. Yüngül kvadrisikli idarə etmək üçün A1 kateqoriyalı sürücülük vəsiqəsi tələb oluna bilər. Buna görə də avtomobili almadan əvvəl qeydiyyat sənədlərində göstərilən nəqliyyat vasitəsinin növünü və tələb olunan kateqoriyanı satıcıdan dəqiqləşdirmək məqsədəuyğundur".


