Somalilanddə 42 yaşlı qadının qarnından təxminən üç il daşıdığı, 18 santimetr ölçüsündə daşlaşmış döl çıxarılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "International Medical Case Reports Journal" nəşrində dərc olunan tibbi hesabatda məlumat verilib. Qadın uzun müddət davam edən qarın ağrısı və ağırlıq hissindən şikayətlənərək xəstəxanaya müraciət edib. Müayinələr zamanı onun qarın boşluğunda daşlaşmış döl olduğu aşkarlanıb.
Məlumata görə, qadın təxminən üç il əvvəl hamiləlik əlamətləri hiss edib. Həmin dövrdə qarnı böyüyüb və döl hərəkətlərinə bənzər tərpənişlər müşahidə edib. Lakin bir müddət sonra bu hərəkətlər dayanıb, qarındakı şişkinlik isə tədricən azalıb. Qadın nə hamiləlik dövründə, nə də sonrasında həkimə müraciət edib.
Həkimlərin müayinəsi zamanı onun qarın nahiyəsində göbək səviyyəsinə qədər uzanan, sərt və hərəkətsiz kütlə müəyyən edilib. Kompüter tomoqrafiyası nəticəsində ölçüləri 18x13 santimetr olan, kəllə sümüyü, onurğa, qabırğa və digər sümükləri aydın görünən kalsiumlaşmış döl aşkarlanıb.
Tibbdə bu nadir hal "lithopedion", yəni "daş körpə" adlandırılır. Bu vəziyyət dölün uşaqlıq boşluğundan kənarda, qarın boşluğunda inkişaf etməsi və sonradan ölməsi ilə əlaqədar yaranır. Orqanizm dölü xaric edə və ya sorulmasını təmin edə bilmədikdə, toxumalarda kalsium toplanır və nəticədə onlar daş kimi sərtləşir.
Həkimlər əməliyyat keçirərək daşlaşmış dölü qadının bədənindən çıxarıblar. Bildirilir ki, bu vəziyyət tibb tarixində son dərəcə nadir hallardan sayılır. İlk belə hadisə 1582-ci ildə qeydə alınıb, o vaxtdan indiyədək dünyada təxminən 340 oxşar fakt sənədləşdirilib.
Əməliyyatdan sonra xəstəxanadan evə buraxılan qadının altı aylıq müşahidə müddətində qarın ağrıları təkrarlanmayıb.


Jalə


