Keçmiş xarici işlər naziri uşaqlara qarşı cinsi zorakılıq ittihamı ilə saxlanılıb
Demokrat.az xəbər verir ki, Maldivin keçmiş xarici işlər naziri Abdulla Şahid 18 yaşından kiçik bir şəxsə qarşı cinsi zorakılıq törətmək ittihamı ilə saxlanılıb.
Bu barədə yerli "The Edition" qəzeti polis mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, polis Şahidi Hulhumale adasındakı yaşayış yerində saxlayıb. O, əvvəlcə polis bölməsinə, daha sonra isə qonşu adadakı təcridxanaya aparılıb. Polis işlə bağlı konkret təfərrüatları açıqlamasa da, araşdırmanın davam etdiyini təsdiqləyib.
Keçmiş nazir həbs olunmazdan bir neçə dəqiqə əvvəl "X" sosial şəbəkəsində bəyan edib ki, ona qarşı irəli sürülən iddialar həqiqətə uyğun deyil və insanları əsassız şayiələr yaymamağa çağırıb.
Abdulla Şahid 2007–2008 və 2018–2023-cü illərdə Maldiv adalarının xarici işlər naziri vəzifəsində çalışıb. O, 2021–2022-ci illərdə BMT Baş Assambleyasının sədri olub.
Şahid, həmçinin parlament sədri və Maldiv Demokratik Partiyasının sədri vəzifələrini də tutub. Son vaxtlar o, 2028-ci ildə keçiriləcək prezident seçkilərində partiyasının namizədi olmaq üçün fəal şəkildə kampaniya aparırdı.



