"Qloballaşma prosesi dünya xalqlarının dillərinə yeni anlayışlar gətirir. Bu anlayışların böyük bir hissəsi beynəlxalq dil vasitəsilə formalaşaraq milli dillərə daxil olur. Belə şəraitdə xarici sözlərin Azərbaycan dilində qarşılığının tapılması və onların istifadəsi məsələsi də aktuallıq qazanır. Lakin bütün hallara eyni prinsiplə yanaşmaq düzgün deyil. Artıq uzun müddətdir ki, beynəlxalq dil funksiyasını ingilis dili yerinə yetirir. Müasir anlayışlar ingilis dili mühitində, müəyyən standartlar əsasında formalaşır. Bu standartların arxasında müasir texnologiyalar, beynəlxalq mədəniyyət və ümumbəşəri təfəkkür dayanır. Ona görə də həmin anlayışlarla hesablaşmalı və ehtiyac yarandıqda onları öz dilimizə uyğunlaşdırmalıyıq. Bu, təkcə Azərbaycan dilinə deyil, bütün milli dillərə aiddir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında dilçi-türkoloq alim, akademik, filologiya elmləri doktoru, professor, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov deyib.
Onun sözlərinə görə, Azərbaycan dili ilə müqayisədə daha güclü hesab edilən fransız, alman, ispan, rus, çin və digər dillər də beynəlxalq proseslərin təsirindən kənarda qalmır və yeni anlayışlarla hesablaşmalı olurlar:
"Bununla belə, Azərbaycan dili də dünyanın inkişaf etmiş dillərindən biridir. Üstəlik, türk dilləri sisteminə daxil olmağımızın da müəyyən üstünlükləri var. Beynəlxalq anlayışlara qarşılıq axtararkən digər türk dillərində aparılan araşdırmalardan və yaradılan sözlərdən də yararlana bilərik.
Bütün hallarda, məsələn, "meeting" sözünün əvəzinə hər yerdə "iclas" işlətmək düzgün yanaşma deyil. Çünki dilimizdə "toplantı", "yığıncaq" kimi sözlər də var və onların hər birinin özünəməxsus məna fərqləri, çalarları mövcuddur. Hansı sözün işlədilməsi isə konkret kontekstdən asılıdır. Bu baxımdan Azərbaycan dilinin imkanları heç də zəif deyil. Ümumiyyətlə, ümumişlək sözlərə qarşılıq tapmaq imkanlarımız kifayət qədər genişdir.
Eyni yanaşma "deadline" və "feedback" kimi sözlərə də aiddir. Bunların əvəzinə "son müddət", "rəy" və başqa ifadələr işlətmək mümkündür. Lakin yalnız bir qarşılıq üzərində dayanmaq lazım deyil. Dilimizdə müxtəlif variantlar yaradılmalı, onların hansının daha uyğun olduğu zamanla müəyyənləşməlidir.
Beynəlxalq səviyyədə bir anlayış üçün əsasən bir söz təqdim olunur, milli dillərdə isə həmin anlayışa bir neçə qarşılıq yarana bilər. Onlardan hansı daha geniş qəbul ediləcəksə, dilin inkişafı prosesində qərarlaşacaq. Digər sözlər isə müəyyən məna çalarlarını ifadə edərək dildə yaşamağa davam edə bilər. Dilin təbii inkişaf mexanizmi də məhz belə işləyir.
Əsas problem isə terminologiya ilə bağlıdır. Adətən terminlər beynəlxalq dildə hansı formada işlənirsə, digər dillərə də həmin şəkildə qəbul olunur. Ancaq müasir dövrdə cəmiyyətin və insan təfəkkürünün sürətlə inkişaf etməsi ümumişlək sözlə termin arasındakı sərhədi müəyyənləşdirməyi çətinləşdirir. Bəzən uzun illər elmi əsərlərdə termin kimi istifadə olunan sözlər zaman keçdikcə ümumişlək leksik vahidə çevrilir. Bəzən isə əksinə, gündəlik danışıqda işlənən sözlər sonradan termin statusu qazanır.
Dil canlı orqanizm olduğu üçün onun bu xüsusiyyətləri ilə hesablaşmaq lazımdır. Sözlərin yaranması, qorunması və bir-biri ilə münasibətlərinin tənzimlənməsi mexaniki proses deyil. Bu, insan beynində baş verən mürəkkəb proseslərin nəticəsidir. Dilçilikdə leksik-semantik əlaqələr adlandırdığımız münasibətlər əsasında yeni vahidlər meydana çıxır. Bu vahidlər daim dəyişir, inkişaf edir və bir-biri ilə qarşılıqlı əlaqədə olur. Nəticədə sözlər yalnız təfəkkürümüzü və şüurumuzu ifadə etmir, müəyyən mənada onların formalaşmasında da iştirak edir".


