ABŞ NATO-dakı müttəfiqlərini Ukrayna üçün silah alınmasına daha çox resurs ayırmağa təşviq etmək niyyətindədir.
"Demokrat.az"ın xəbərinə görə, bu məlumat məsələdən xəbərdar olan və "Bloomberg"ə danışan mənbələrdən əldə edilib.
Onların sözlərinə görə, PURL (Ukraynanın Prioritet Tələbləri Siyahısı) proqramı üçün əlavə maliyyələşdirmə tələb olunur, çünki Vaşinqton artıq təsdiqlənmiş silah tədarükləri müqabilində təxminən 2 milyard dollar vəsaiti hələ əldə etməyib. Mənbələr vurğulayıblar ki, ABŞ ödəniş daxil olmazdan əvvəl də silah tədarük etməyə hazırdır, lakin bu addım proqramdakı kəsiri artırır.
Xatırladırııq ki, PURL mexanizmi 2025-ci ilin iyul ayında, Prezident Donald Trampın Kiyevə yardım üçün vəsait ayırmaqdan imtina etməsindən sonra ABŞ və NATO-ya üzv dövlətlər tərəfindən işə salınıb. Bu proqram çərçivəsində NATO ölkələri Ukrayna ordusu üçün ABŞ-dan silah və sursat alınması xərclərini qarşılayırlar. Xüsusilə, Ukraynanın hava hücumundan müdafiə sistemlərində – o cümlədən "Patriot" sistemlərində – istifadə olunan ələ keçirici raketlərin böyük bir hissəsi məhz bu mexanizm vasitəsilə təmin edilir. Ötən ay ABŞ, Ukraynanın Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələrə cavab olaraq, proqram çərçivəsində təchizatı dayandırmaqla hədələmişdi. Lakin bu hədə həyata keçirilmədi və proqram fəaliyyətini davam etdirir.
Pentaqon əmin edir ki, ABŞ-ın siyasəti dəyişməzdir və PURL proqramı heç bir dəyişiklik olmadan fəaliyyətini davam etdirdirəcək.
Bununla yanaşı, NATO diplomatları "Politico" nəşrinə bildiriblər ki, Avropalı müttəfiqlər ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonra Vaşinqtonun Ukraynaya dəstəyinin təhlükə altına düşə biləcəyindən narahatdırlar. Xüsusilə, onlar hesab edirlər ki, Tramp alyansa təzyiqi artıra bilər və bu, Kiyevə yönəlik yardım proqramının məhdudlaşdırılması ilə nəticələnə bilər. Bundan əlavə, Amerika silahlarının tədarükündə yarana biləcək hər hansı azalmanı Avropa ölkələrinin kompensasiya etməsi çətin olacaq.
Alparslan


