Bakının Yasamal rayonunda 27 yaşlı oğlan bacısının ərinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 10 fevral 2025-ci il tarixində baş verib. 1999-cu il təvəllüdlü Mənsur həmin gün saat 21 radələrində bacısı Almazın əri Məmmədlə (adlar şərtidir – red.) aralarında yaranmış ailə münaqişəsini aydınlaşdırmaq məqsədilə onların evinə gəlib. Buna səbəb Məmmədin ona bacısının dərman preparatı qəbul etməklə intihara cəhd etməsi barədə məlumat verməsi olub.
Mənsur evə daxil olduqda bacısının həqiqətən də intihara cəhd etdiyini öyrənib. Onu yaxınlıqdakı xəstəxanaya çatdırmaq üçün kömək edərək gəldiyi binanın həyətində saxladığı avtomobilə əyləşdirib. Özü də avtomobili idarə etmək üçün sükan arxasına keçmək istəyərkən yeznəsi Məmməd onlara yaxınlaşıb.
Bu zaman onların arasında mübahisə yaranıb. Mənsur sükan arxasından düşərək avtomobilindən taxta materialdan hazırlanmış dəyənəyi götürüb və bacısını incitdiyinə görə qisas almaq məqsədilə Məmmədin baş nahiyəsinə qəsdən bir neçə zərbə vurub.
Mənsura Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Mənsur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində münaqişə zamanı Məmmədi vurmadığını bildirib. Mənsurun sözlərinə görə, Məmmədin bədənindəki xəsarət onu itələməsi nəticəsində yarana bilərdi. O, zərərçəkmiş şəxsin əlindəki bıçaqla ona xəsarət yetirə biləcəyindən ehtiyat etdiyi üçün onu itələdiyini deyib.
Mənsur bildirib ki, hadisə zamanı avtomobilin təkərlərinin deşilməsi də Məmmədin əlində bıçaq olduğunu təsdiqləyir. Onun sözlərinə görə, Məmmədi itələdikdən sonra hadisə yerindən qaçaraq uzaqlaşıb. Münaqişənin səbəbi isə bacısı ilə Məmməd arasında yaranmış ailə anlaşılmazlığı olub.
İş üzrə zərərçəkmiş Məmmədin sözlərinə görə, hadisə günü, təxminən saat 20 radələrində işdən evə gəlib.
"Həmin vaxt yoldaşım Almaz qızımızın ad günü münasibətilə İsmayıllı rayonuna getməyi təklif etdi. Lakin havanın soyuq olduğunu bildirərək etiraz etdim. Bununla əlaqədar o, mənimlə mübahisə etdi. Mübahisədən sonra evdən gedərkən azyaşlı övladım Almazın dərman içdiyini dedi. Bunu eşidərək evdən çıxdım və qaynım Mənsura zəng edərək bacısını sakitləşdirməsini dedim. Həyətə düşərək özümə məxsus "Mercedes" markalı avtomobilə mindim və evin yanındakı marketin qarşısına sürərək orada dayandım. Təxminən 30 dəqiqədən sonra qaynım zəng edərək məni söydü və görüşə çağırdı".
Zərərçəkmiş şəxs qeyd edib ki, həmin gün, təxminən saat 21 radələrində Mənsurdan onu niyə söydüyünü soruşub.
"Bu zaman Mənsur oturduğu avtomobilin sağ tərəfindən taxta materialdan hazırlanmış dəyənəyi götürərək üzərimə hücum çəkdi. Həmin dəyənəklə baş nahiyəmə zərbələr endirdi. Zərbələrin qarşısını almaq istəsəm də, arvadım məni saxladı. Zərbələrdən yayına bilmədiyim üçün Mənsur başıma bir neçə dəfə zərbə vurdu. Bir qədər huşumu itirdim və sifətimin qan içində olduğunu hiss etdim. Sifətimdə qan gördükdən sonra Mənsur əlindəki dəyənəklə qaçaraq oradan uzaqlaşdı".
Məmməd ifadəsində bildirib ki, daha sonra əsəbiləşərək yerdən götürdüyü dəmir parçası ilə Mənsurun idarə etdiyi avtomobilin iki təkərini deşib. O, sonradan həmin dəmir parçasını hara atdığını xatırlamadığını, hadisə zamanı arvadı Almaza heç bir xəsarət yetirmədiyini deyib. Onun sözlərinə görə, Almazın bədənindəki xəsarətlər onları ayırmağa çalışarkən yaranıb.
İş üzrə şahid qismində ifadə verən Almazın sözlərinə görə, 10 fevral 2025-ci il tarixdə axşam saat 19-20 radələrində yaşadığı evə gəlib. O bildirib ki, evə daxil olarkən evdə heç kim olmayıb, təxminən 30-40 dəqiqə sonra əri Məmməd gəlib.
"Evə gələndən sonra Məmməd paltarını dəyişdi, mən də mətbəxdə ona yemək hazırladım. Süfrə arxasında hamımız əyləşdiyimiz zaman qızımın tezliklə 10 yaşı olacağını və bununla əlaqədar İsmayıllı rayonuna getmək istədiyimi dedim. Bunu eşidən Məmməd süfrənin üstündəki boşqabları sındırdı və stulları qırmağa başladı. Niyə belə etdiyini soruşdum. Bu vaxt məni döyməyə başladı. Mətbəxdə məni döydükdən sonra uşaqlar qorxmasın deyə onları öz otaqlarına apardım. Bundan sonra öz otağıma keçərək şüşə qabda olan "valeryanka" dərmanını içdim. Dərman içdiyimi görən qızım otağa daxil oldu və bunu ərimə dedi. Həmin vaxt Məmməd evin dəhlizində olub. Qızım dərman içdiyimi deyəndən sonra Məmməd evdən getdi".
Almaz qeyd edib ki, təxminən 10-15 dəqiqə sonra qapı döyülüb və qardaşı Mənsur evə daxil olub.
"Mənsur evə girən kimi dərman içib-içmədiyimi soruşdu. Mən də bunu təsdiqlədim. Bunu bildikdən sonra o, mənə evdən çıxmağı və həkimə gedəcəyimizi dedi. Uşaqlar evdə qaldı. Mən Mənsurla birlikdə həyətə çıxdım. Həyətdə qardaşıma məxsus avtomobilin arxa oturacağına əyləşdim. Mənsur maşına minən zaman arxa tərəfdən Məmmədin bıçaqla üstümüzə gəldiyini gördüm. Mənsura xəsarət yetirməməsi üçün araya keçdim. Bu zaman bıçaq əllərimə dəydi. Mənsur bunu görərək Məmmədin ona bıçaqla xəsarət yetirəcəyini düşündü və onu itələyərək binanın həyətindən uzaqlaşdı. Mən dərhal evə qalxarkən Məmmədin əlindəki bıçaqla qardaşıma məxsus avtomobilin təkərinə və qapısına zərbələr vurduğunu gördüm".
Yasamal Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.


