İnsanın pasportunda göstərilən yaş orqanizmin real vəziyyətini hər zaman əks etdirmir. Həkimlərin fikrincə, toxumaların, damarların vəziyyətini və maddələr mübadiləsinin sürətini göstərən bioloji yaşa gündəlik vərdişlər vasitəsilə təsir etmək mümkündür. Bunun üçün radikal dəyişikliklərə deyil, sağlam həyat tərzinə üstünlük vermək lazımdır.
Demokrat.az xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya həkim Natalya Şindryayeva danışıb.
Mütəxəssisin sözlərinə görə, müntəzəm fiziki aktivlik bioloji yaşın idarə olunmasında mühüm rol oynayır. Aerob və güc məşqləri hüceyrələrin enerji istehsalını yaxşılaşdırır, insulinə həssaslığı artırır. Bundan əlavə, əzələlərin ifraz etdiyi miokinlər damarların qorunmasına və orqanizmdə iltihabi proseslərin azalmasına kömək edir.
Digər vacib amil düzgün qidalanmadır. Həkim antioksidantlarla zəngin qidalara üstünlük verməyi, sürətli karbohidratların və transyağların qəbulunu azaltmağı tövsiyə edir. Tərəvəz və göyərtilər orqanizmi hüceyrələri zədələyə bilən sərbəst radikallarla mübarizə aparan maddələrlə təmin edir.
Keyfiyyətli yuxu və stressin idarə olunması
Şindryayeva bildirib ki, keyfiyyətli yuxu və orqanizmin bioloji ritminə uyğun həyat tərzi də sağlam qocalma üçün əhəmiyyətlidir. Dərin yuxu mərhələlərində hüceyrələrdə zədələnmiş zülalların parçalanması və təmizlənməsi ilə bağlı proseslər – autofagiya aktivləşir. Bu mexanizmlər toxumaların normal fəaliyyətinin qorunmasında iştirak edir.
Xroniki stressin azaldılması da vacib şərtlərdən biridir. Həkimin sözlərinə görə, uzun müddət yüksək səviyyədə qalan kortizol hormonu xromosomların qoruyucu hissələri olan telomerlərin qısalmasını sürətləndirə və damar sisteminə mənfi təsir göstərə bilər. Gəzinti, nəfəs məşqləri və diqqəti gündəlik qayğılardan yayındıran fəaliyyətlər stressin idarə olunmasına kömək edir.
Mütəxəssis qeyd edib ki, insan özünü gümrah hiss etsə də, orqanizmin daxili ehtiyatları tədricən zəifləyə bilər. Buna görə də sağlamlıq göstəricilərini mütəmadi izləmək və onların zamanla necə dəyişdiyinə diqqət yetirmək vacibdir.
Bioloji yaşın azaldılması ilə bağlı nəticələrə ehtiyatla yanaşmaq lazımdır: bu göstəricinin ölçülməsi üçün vahid, tam qəbul edilmiş üsul yoxdur və sadalanan vərdişlər bioloji yaşı mütləq azaldacağına zəmanət vermir.
Jalə


