Ermənistan Respublikası hökuməti "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin icrasına faktiki olaraq artıq başlayıb.
Demokrat.az-ın məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə noyabrın 2-də, 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi məqsədilə parlamentin daimi komitələrinin birgə keçirilən iclasında bildirib.
"Ermənistan Hökuməti, sonrakı proseslərin təşkilindən də əvvəl, öz təşəbbüsü ilə TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərin layihələndirilməsi işlərinə başlayacaq. Biz vaxt itirmək istəmirik. TRIPP-in inkişafı ilə məşğul olacaq şirkət yaradılan kimi, Ermənistan Hökuməti artıq görülmüş işləri həmin şirkətə təhvil verəcək", - deyə Baş nazir bildirib.
Paşinyan vurğulayıb ki, bu layihə sayəsində Ermənistan 30 ildən artıqdır davam edən blokadanı aradan qaldıra biləcək.
"TRIPP layihəsinin həyata keçirilməsinin Ermənistanın bütün istiqamətlərdə – həm Şərq-Qərb, həm də Şimal-Cənub xətləri üzrə blokdan çıxarılmasına gətirib çıxaracağı şübhəsiz və birmənalıdır. Lakin bu marşrutların blokdan çıxarılması, onlarla əlaqəli bütün infrastrukturun mütləq şəkildə TRIPP layihəsinin bir hissəsi olacağı anlamına gəlmir. TRIPP layihəsi Nrnadzor-Karçevan dəmir yolunu, eləcə də elektrik ötürücü xətlərini və avtomobil yolunu əhatə edəcək. Qaz kəməri və neft kəməri ilə bağlı məsələlər isə daha sonrakı mərhələdə müzakirə olunacaq", – deyə Nazirlər Kabinetinin rəhbəri qeyd edib.


