Azərbaycanda 26 yaşlı oğlan sosial şəbəkədə tanış olduğu yetkinlik yaşına çatmayan qıza qarşı seksual hərəkətlər etməkdə ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Siyəzən rayon sakini, 2000-ci il təvəllüdlü Tural sosial şəbəkədə tanış olduğu yetkinlik yaşına çatmayan Fatimə (adlar şərtidir – red.) ilə evlənmək barədə razılaşıb və onunla Sumqayıt şəhərinin Yaşma bağları ərazisində görüşüb.
İranla sərhəddə insident - Atəş açıldı (FOTO)
Bakıda da istifadə edilir: Təhlükəli bakteriya aşkarlandı - Açıqlama
Kredit borcunu ödəyə bilməyənlərə şad xəbər – FOTO
İstintaq sənədlərinə görə, 26 yaşlı oğlan Fatiməni evlənmək məqsədilə əvvəlcə yaşadığı Siyəzən rayonunun kəndində yerləşən ata evinə gətirib və orada üç gün birlikdə yaşayıblar. Daha sonra qızı Abşeron rayonu, Qobu qəsəbəsində kirayə tutduğu evə aparıb, orada onunla müxtəlif vaxtlarda bir neçə dəfə cinsi əlaqədə olub, digər seksual xarakterli hərəkətlər edib.
Tural barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Fatimə ilə "İnstaqram" sosial şəbəkəsində 2023-cü ilin sonlarında tanış olub və özünə məxsus mobil nömrə ilə istifadə etdiyi telefonda "gecə.sessiz 099" adlı instaqram səhifəsi açıb. Həmin səhifədən istifadə edərkən onu qrupa daxil ediblər:
"Orada yazışaraq Fatimə ilə tanış oldum. Bir müddət sonra onunla Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsində, Fatimənin yaşadığı məhəllədə görüşdük. Bundan sonra onunla həmin yerdə mütəmadi olaraq görüşməyə davam etdik. Görüşlər zamanı Fatimənin 15 yaşında olduğunu və 8-ci sinifdə oxuduğunu bildim. Lakin onun oxuduğu məktəbə getməmişəm, yəni məktəbə gedərkən və ya məktəbdən qayıdarkən onu ötürməmişəm. Fatiməyə ondan on yaş böyük olduğumu dedim. Lakin o, mənimlə münasibətə etiraz etmədi".
Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin iyul ayının əvvəllərində Fatimə ilə onun yaşadığı evin yerləşdiyi məhəllədə görüşüb. Söhbət etdikləri vaxt atası Aslan onları görüb:
"Fatimə gələn şəxsin onun atası olduğunu dedikdə, mən dərhal ondan aralanaraq qaçdım. Sonradan mənə məlum oldu ki, atası Fatiməni danlayıb və mobil telefondan istifadə etməsini ona qadağan edib. Ona görə də sonradan Fatimə ilə görüşə bilmədim".
Turalın ifadəsinə görə, 2024-cü il avqustun 17-də axşam saatlarında Fatimə anasının mobil telefonu ilə ona yazaraq evdən qaçmaq niyyətini bildirib:
"Mən həmin vaxt Sumqayıt şəhərinin ərazisinə daxil olan Yaşma bağlarında toyuq fermasında işlədiyim üçün ona yazdım ki, evdən çıxsa, Yaşma bağlarına gəlsin. Növbəti gün saat 21 radələrində tanımadığım və yadımda qalmayan nömrədən Fatimə mənə zəng edərək evdən çıxdığını, hazırda Tağıyev qəsəbəsində parkda olduğunu dedi. Ona Yaşma bağlarına gəlməsini, onu 3 nömrəli avtobusun sonuncu dayanacağında gözləyəcəyimi bildirdim. Təxminən yarım saatdan sonra Fatimə ilə Yaşma bağlarında, sonuncu dayanacaqda görüşdük. Onu minik avtomobili ilə öz yaşadığım Siyəzən rayonunun kəndində yerləşən evə gətirdim. Anam Fatimənin kimliyi ilə maraqlandı. Ona Fatiməni sevdiyimi, onunla evlənmək istədiyimi, buna görə də gətirdiyimi dedim. Anam Fatiməni özü ilə bir otaqda yatdırdı".
Tural bildirib ki, növbəti gün anası Fatimənin kimliyi, yaşadığı ünvan, valideynləri, neçə yaşında olması və digər məlumatlarla maraqlanıb, onun 15 yaşında olduğunu öyrənib:
"Bu zaman anam Fatiməni gətirməyimə etirazını bildirdi və məndən təkidlə tələb etdi ki, onu öz valideynlərinin yanına aparım. Fatiməni evdə saxlamağa və onunla evlənməyə anamı razı sala bilmədiyimdən avqustun 22-də, təxminən saat 22 radələrində Fatimə ilə birlikdə anamın evindən çıxdıq. Lakin Fatimə öz evlərinə qayıtmaq istəmədi. Mən də onu öz evinə aparmadım. Qobu qəsəbəsində əvvəllər olmuşdum. Abdulla adlı şəxsin evinin həyətində kirayə evlər verdiyini bilirdim. Odur ki, Fatiməni də götürərək Abşeron rayonu, Qobu qəsəbəsinə gətirdim. Abdulla adlı şəxsin həyətində kirayə vermək üçün tikdirdiyi birotaqlı həyət evini onun arvadından 170 manata kirayə götürdüm. Həmin gün Fatimə ilə bir otaqda yatsaq da, intim münasibətdə olmadıq".
Turalın sözlərinə görə, növbəti gün, yəni 2024-cü il avqustun 23-də gecə saat 23 radələrində kirayədə qaldıqları evdə Fatimə ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub:
"Mən Fatimənin öz istəyi ilə onunla əlaqədə olmuşam. Bu münasibətə etiraz etməyib. Bundan sonra Abdullanın evində həmin ilin noyabrın 23-dək ər-arvad münasibətində olaraq yaşadıq. Həmin müddətdə Fatimə ilə dəfələrlə əlaqədə olduq. Biz heç birimiz valideynlərimizlə əlaqə saxlamadıq. Valideynlərimiz bizim harada yaşadığımızı bilməyiblər. Yalnız mən xalam Tahirə ilə telefonda danışmışam və Fatimə ilə bir ailə olaraq birlikdə yaşadığımızdan onun bundan məlumatı olub. Sonradan xalam Fatimənin anası ilə əlaqə saxlayıb və bizim birlikdə yaşadığımızı bildirib".
Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 23-də Qobu qəsəbəsində kirayə qaldıqları evi təhvil verib və anasının yaşadığı ünvana, Siyəzən rayonunun kəndinə gediblər:
"Kənddə yaşayarkən polis əməkdaşları anamın evinə gəldi və Fatimə ilə məni Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsində yerləşən 2-ci polis bölməsinə gətirdilər. Orada sənədləşmə aparıldıqdan sonra Fatiməni öz valideynlərinə təhvil verdilər. O, hazırda valideynlərinin yanında yaşayır. Mən isə anamın yanında yaşayıram, lakin arabir Fatimənin yaşadığı ünvana gedib onunla görüşürəm".
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Tural 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmə əsasən, təqsirləndirilən şəxsə təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 2 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilib.
Bundan əlavə, təqsirləndirilən şəxsin üzərinə şərti məhkumetmə dövründə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulub.
Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Siyəzən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.


