Çəkiliş aparan zaman jurnalistə hücum edilməsi məsələsi yenidən media nümayəndələrinin təhlükəsizliyi və peşə fəaliyyətinə yaradılan maneələri gündəmə gətirib. Hadisə jurnalistlərin ictimaiyyətə məlumat çatdırmaq və baş verənləri işıqlandırmaq məqsədilə həyata keçirdikləri fəaliyyət zamanı hansı təhlükələrlə üzləşə biləcəyini bir daha göstərir.
Demokrat.az-a məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Elman Nəsirov söyləyib ki, jurnalistə çəkiliş zamanı hücum edilməsi yolverilməzdir:
"Jurnalistə qarşı zorakılıq təkcə konkret media qurumunun nümayəndəsinin hüquqlarının pozulması deyil, həm də cəmiyyətin informasiya almaq hüququna müdaxilədir. Məsələyə məhz bu prizmadan yanaşmaq lazımdır. Xüsusilə son günlərdə baş verən hadisələr – oktyabrın 29-da 225 nömrəli məktəbdə REAL TV-nin əməkdaşının çəkiliş zamanı, eləcə də noyabrın 1-də Nizami rayonunda baş verən yanğını qeydə alarkən jurnalistlərin təzyiq və təhdidlərə məruz qalması faktları ciddi təəssüf doğurur. Hesab edirəm ki, ilk növbədə, jurnalistlərin təhlükəsizliyi təmin olunmalıdır. Heç kimin onlara qarşı təzyiq və təhdid dili ilə danışmağa, çəkiliş avadanlıqlarına zərər vurmağa haqqı yoxdur. Bu məsələdə, eyni zamanda, "Media haqqında" Qanunun 6-cı maddəsinin tələblərinə əməl edilməlidir. Həmin maddədə jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilənin, onlara qarşı təzyiq və təhdidlərin yolverilməz olduğu və qanunla məsuliyyət yaratdığı qeyd edilir".
Deputat vurğulayıb ki, digər mühüm məqamın cəzasızlıq mühitinin yaranmasına imkan verilməməsidir:
"Jurnalistlərə qarşı bu cür davranış nümayiş etdirən, onlarla təzyiq və təhdid dili ilə danışan şəxslər məsuliyyətə cəlb edilməlidirlər. Məsələ məhz bu şəkildə həllini tapmalıdır.
Sonda onu da qeyd edim ki, jurnalistin kamerasına müdaxilə etmək, əslində, cəmiyyətin gözünə və qulağına müdaxilə etmək deməkdir. Jurnalistin təhlükəsizliyinin təmin olunması həm də ölkədə hüquqi dövlət prinsiplərinin və ictimai şəffaflığın göstəricisidir. Azərbaycan ictimaiyyətinin də belə halları haqlı olaraq qınaması təsadüfi deyil".


