Sosial mediada müzakirə olunan mövzulardan biri də kofeşoplarda təqdim olunan məhsulların qiymətləri ilə bağlıdır. Demək olar ki, şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərən kofeşoplarda qiymətlərin yüksək olması müştərilər arasında narazılığa səbəb olur. Bəzi vətəndaşlar hesab edirlər ki, bir fincan qəhvə və digər içkilər üçün tələb olunan məbləğ heç də hər kəsin cibinə uyğun deyil.
İqtisadçı Zahid Məmmədov Demokrat.az-a açıqlamasında söyləyib ki, bazar iqtisadiyyatında sahibkar, bir qayda olaraq, məhsul və ya xidmətin qiymətini tələb, təklif, istehsal və fəaliyyət xərclərini nəzərə alaraq müəyyən edir:

"Lakin qiymətlərin formalaşması prosesində yalnız sahibkarın gəlirliliyi deyil, rəqabət mühiti, istehlakçının maraqları və bazardakı mövcud vəziyyət də nəzərə alınmalıdır. Qiymətlərin sağlam rəqabət şəraitində müəyyənləşdirilməsi, istehlakçıların düzgün və şəffaf məlumatlandırılması, eləcə də bazarda dominant mövqedən sui-istifadə hallarının qarşısının alınması mühüm əhəmiyyət daşıyır".
İqtisadçının sözlərinə görə, istehlakçı üçün qəhvənin qiyməti onun gündəlik xərclərinə və büdcəsinə təsir edən amillərdən biridir:
"Sahibkar üçün əsas məsələ fəaliyyətini davam etdirmək, xərclərini qarşılamaq və gəlir əldə etməkdir. İqtisadi baxımdan isə əsas məsələ bu iki tərəfin maraqları arasında tarazlığın qorunmasıdır. Çünki qiymətlər həddindən artıq yüksək olduqda istehlakçının alıcılıq imkanları məhdudlaşır, digər tərəfdən, sahibkarın xərclərini və gəlirliliyini nəzərə almadan qiymət siyasətinə yanaşmaq da düzgün deyil. Sağlam rəqabət mühitində sahibkarın öz fəaliyyətini davam etdirməsi və inkişaf etdirməsi, istehlakçının isə keyfiyyət və qiymət baxımından fərqli təkliflər arasından öz büdcəsinə uyğun seçim edə bilməsi mümkün olmalıdır. Bu baxımdan bazarda rəqabətin qorunması, qiymətlərin süni şəkildə artırılmasına və istehlakçıların hüquqlarının pozulmasına yol verilməməsi həm sahibkarların, həm də müştərilərin maraqlarına xidmət edir".


