Supermarketlərdə tətbiq olunan bonus kartları və endirim proqramları alıcılara müəyyən qədər qənaət etmək imkanı yaradır. Lakin bu sistemlər müştəriləri daha çox alış-veriş etməyə də təşviq edir.
Bəs bonus kartları həqiqətən istehlakçının xeyrinədir, yoxsa marketlərin satışlarını artırmaq üçün istifadə etdiyi marketinq vasitəsidir? Toplanan bonuslar real qazanc sayılırmı?
Demokrat.az-a bu barədə danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, vətəndaşlar marketlərdə alış-veriş zamanı bank kartları ilə ödəniş etdikdə onların məlumatları onsuz da bankların məlumat bazasında əks olunur.

Onun sözlərinə görə, marketlərin təqdim etdiyi endirim və bonus kartlarına gəlincə isə burada heç bir məcburiyyət yoxdur:
"Müştəriyə belə bir kart təklif olunur və ondan istifadə edib-etməmək qərarını özü verir. Bəzi marketlərin bonus və endirim kartları kifayət qədər cəlbedici olur və vətəndaşlar da bu imkanlardan yararlanırlar. Burada hər hansı əlavə ödəniş və ya məcburi yönləndirmə nəzərdə tutulmur. Təklif müştəriyə sərf edirsə, kartı əldə edir, sərf etmirsə, bundan imtina edə bilər. Marketlər insanların gündəlik və ya bir neçə gündən bir müraciət etdiyi ticarət obyektləridir. Vətəndaş alış-veriş etdikcə bonus qazanırsa, bu, onun üçün əlavə üstünlük sayıla bilər. Üstəlik, həmin kartların əldə edilməsi pulsuzdursa və əlavə xərc tələb etmirsə, müştəri üçün müəyyən fayda yaradır. Təbii ki, marketlərin də bu kartları təşviq etməkdə öz kommersiya maraqları var. Bununla belə, vətəndaşların da seçim və davranış sərbəstliyi mövcuddur. Nə kartı əldə etmək məcburiyyəti var, nə də bunun üçün hər hansı əlavə ödəniş tələb olunur. Ona görə də bu məsələdə son qərarı vətəndaşın özü verməlidir".


