Türkiyəli müğənni Sinan Akçılın ölkədə Hellouin qeyd edilməsinə qarşı çıxması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun bayramı tənqid edən paylaşımından sonra illər əvvəl ABŞ-da kostyumda çəkdirdiyi fotolar yenidən gündəmə gəlib. Müğənni isə tənqidlərə cavab verərək həmin geyimin Hellouin tədbiri ilə əlaqəli olmadığını bildirib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Onedio" nəşri məlumat yayıb.
Oktyabrın 31-də Türkiyədə də müxtəlif kostyum partiləri və Halloween tədbirləri keçirilib. Sinan Akçıl sosial şəbəkə hesabında bu ənənəyə münasibət bildirərək, onun Türkiyəyə aid olmadığını vurğulayıb. Müğənni paylaşımında "Bizim olmayan adətimiz və bayramımız olan Hellouin bitdisə, cadugərlər üzlərini yuyub normal evlərinə qayıda, atalarına çay dəmləyib serial izləyə bilərlər" ifadələrini işlədib.
Lakin bu açıqlamadan sonra sosial şəbəkə istifadəçiləri Akçılın 2016-cı ildə Mayamidə çəkilmiş fotolarını xatırladıblar. Həmin görüntülərdə müğənni o dövrdə münasibətdə olduğu Alexandra Rodriguez ilə "Top Gun" filmindən ilhamlanan pilot geyimlərində poz verib. Türkiyə mətbuatında fotoların Mayamidəki "The Deck" klubunda keçirilən Hellouin əyləncəsi zamanı çəkildiyi bildirilmişdi.
İstifadəçilərin iradlarına cavab verən Akçıl isə həmin geyimi Hellouin üçün deyil, klip layihəsi ilə əlaqədar geyindiyini deyib. O, fotoların Mayamidə klipin tanıtım tədbirində çəkildiyini bildirərək, "Bu, Hellouin deyil, Mayamidə klipin təqdimat partisi idi" açıqlamasını verib.
Müğənni əlavə edib ki, həmin tədbirə Hellouin məqsədilə qatılmış olsaydı belə, bunu ən azı ABŞ-da edərdi, Türkiyədə yox.
Jalə


