Hansı ərazilərdə torpaq sahələri bahalaşacaq? — Ekspert AÇIQLADI

GÜNDƏM 21 avqust 2025, 17:47
"Hər il olduğu kimi, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri ilə bağlı araşdırma aparır. Bu dəfə iyun və iyul ayları arasında müqayisəli təhlil edilib, həmçinin 2024-cü ilin iyulu ilə 2025-ci ilin iyulu arasındakı fərqlər araşdırılıb".

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. 

O, bildirib ki, aylıq dəyişikliklərə nəzər saldıqda, ən çox qiymət artımı 2,24%-lə Xəzər rayonunda qeydə alınıb:

"Bu artımın səbəbi həmin ərazidə bağ sahələrinin və yeni bağ evlərinin çox tikilməsi, bu sahəyə yüksək tələbatın olması ilə izah olunur. İkinci yerdə Nizami rayonu, üçüncü yerdə isə Səbail rayonu qərarlaşıb. Belə ki, Nizami rayonunda qiymətlər 2,18%, Səbaildə isə 2,12% artıb".

Onun sözlərinə görə, illik dəyişikliklərdə isə ilk yeri Səbail rayonu tutur, qiymətlər burada 29% artıb:

"İkinci yerdə Yasamal rayonu (26%), üçüncü yerdə isə Nəsimi rayonu (21%) qərarlaşıb. Bu artımlar əsasən həmin ərazilərdə aparılan tikinti işləri, urbanizasiya prosesləri və bağ evlərinə artan tələbatla bağlıdır.Məsələn, Səbail rayonunun Badamdar ərazisində, həmçinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində bağ evlərinə böyük maraq var. Həmçinin hündürmərtəbəli binaların tikintisi üçün torpağa yüksək tələbat müşahidə olunur. Əhali sayının artması torpaq sahələrinin azalmasına səbəb olur ki, bu da qiymətlərin bahalaşmasına yol açır".

Ekspert bildirib ki, ən az illik qiymət artımı 7%-lə Qaradağ rayonunda qeydə alınıb:

"Sonrakı yerləri Pirallahı rayonu (8%) və Suraxanı rayonu (10%) tutur. Aylıq artımlarda da oxşar mənzərə müşahidə olunub: Pirallahı – 1,56%, Qaradağ – 1,62%, Suraxanı – 1,68%.
Ümumilikdə, qiymət artımı infrastrukturun inkişaf etdiyi, iqtisadi baxımdan daha aktiv olan və investorların maraq göstərdiyi rayonlarda özünü daha qabarıq göstərir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 avqust 2025, 18:42
Top