YapiKredi Müraciət Forması
Maraqlı

Səhərlər beliniz tutulur, hərəkət etdikcə açılır? - Bu xəstəlikdən xəbər verə bilər

Səhərlər beliniz tutulur, hərəkət etdikcə açılır? - Bu xəstəlikdən xəbər verə bilər

Bəzən insanlar uzun müddət davam edən bel ağrısını yorğunluq və ya oturaq həyat tərzi ilə əlaqələndirirlər. Lakin xüsusilə gənc yaşlarda başlayan, səhərlər daha çox hiss edilən və hərəkət etdikcə azalan bel ağrısı Bexterev xəstəliyinin əlaməti ola bilər.

Bexterev xəstəliyi, tibbi adı ilə ankilozlaşdırıcı spondilit, əsasən onurğa sütununu və çanaq sümükləri ilə onurğanın birləşdiyi oynaqları zədələyən xroniki iltihabi xəstəlikdir. Xəstəlik zamanı ağrı, sərtlik və hərəkət məhdudiyyəti yaranır. İrəliləmiş hallarda fəqərələr bir-biri ilə birləşərək onurğanın hərəkətliliyini ciddi şəkildə azalda bilər.

Xəstəlik daha çox yeniyetməlik və gənc yaşlarda başlayır. Əsas əlamətləri uzun müddət davam edən bel ağrısı, səhərlər hərəkət etməkdə çətinlik, gecələr ağrının güclənməsi və fiziki aktivlik zamanı şikayətlərin azalmasıdır. Bəzi xəstələrdə oma və bud nahiyəsində ağrı, yorğunluq, digər oynaqlarda iltihab, eləcə də gözün iltihabi xəstəliyi olan uveit müşahidə edilə bilər.

Bexterev xəstəliyinin dəqiq yaranma səbəbi tam məlum deyil. Genetik amillərin və immun sisteminin fəaliyyətinin burada rol oynadığı düşünülür. HLA-B27 adlı genetik göstərici xəstəliklə əlaqələndirilsə də, bu göstəricinin olması mütləq xəstələnmək demək deyil. Xəstəlik yoluxucu deyil.

Diaqnoz revmatoloqun müayinəsi, qan analizləri, rentgen və ya maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə qoyulur. Erkən mərhələdə rentgen müayinəsi normal nəticə göstərə bildiyindən, xəstəliyin müəyyənləşdirilməsində digər müayinə nəticələri də nəzərə alınır.

Bexterev xəstəliyini tamamilə aradan qaldıran müalicə olmasa da, mövcud müalicə üsulları ağrını və iltihabı azaltmağa, hərəkət qabiliyyətini qorumağa kömək edir. Həkim nəzarətində dərman müalicəsi, fizioterapiya və müntəzəm fiziki aktivlik xəstəliyin idarə olunmasında mühüm rol oynayır.

Mütəxəssislər uzun müddət davam edən bel ağrılarına laqeyd yanaşmamağı tövsiyə edirlər. Xüsusilə ağrı üç ay və ya daha çox davam edirsə, səhərlər sərtlik yaranırsa və hərəkət etdikcə azalırsa, revmatoloqa müraciət etmək vacibdir. Erkən diaqnoz xəstəliyin yaratdığı fəsadların qarşısını almağa və həyat keyfiyyətini qorumağa kömək edə bilər.(yenisabah.az)

NE
Nihadə Eyyubova