40 yaşlı kişi araq içmək istəməyən qonşusunun qolunu sındırdı — TƏFƏRRÜAT

KRİMİNAL 08 aprel 2024, 15:31
Lənkəranda 1984-cü il təvəllüdlü Tural şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Vüsala (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 12-də gecə saat saat 00.15-də Lənkəran rayonu Hirkan qəsəbəsində baş verib. Tural şəxsi münasibətləri zəminində yaranan mübahisə zamanı Vüsalı yumruqla bədən nahiyəsinə vuraraq onu xəsarətlər yetirib. 

Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, evlidir, 1 uşaq atasıdır, heç kimlə düşmənçilik və şəxsi ədavəti yoxdur: “Təsərüfatla məşğul olmaqla ailəmin dolanışığını təmin edirəm. Zərərçəkmiş Vüsal qonşumdur. Hadisədən əvvəl Vüsala mənimlə birlikdə çörək yeməsini təklif etdim. Lakin Vüsal mənimlə çörək yemək istəmədiyini bildirdi. Hirkan qəsəbəsində yerləşən kafedə oturaraq çörək yeyərək içki içdim. Həmin gün saat 00.15 radələrində yaşadığım evə gedən zaman yolda qonşum Vüsalı gördüm. Vüsala yaxınlaşaraq nə səbəbə mənimlə oturub çörək yemədiyini soruşdum. Vüsalda ünvanıma nalayiq ifadələr işlətdi. Əsəbləşərək Vüsalın sinəsinə yumruq vuraraq yerə yıxdım. Vüsal yerə yıxılanda qolunun əzildiyini bildirdi. Belə olduğunu görərək getdim”.

İş üzrə zərərçəkmiş Vüsalın sözlərinə görə, Tural onunla birlikdə kafeyə gedərək çörək yeməyi təklif edib: “Mən Turalla oturmaq istəmədiyimi bildirdim. Hadisə günü, saat 01 radələrində yaşadığım evə gedən zaman yolda Tural qarşıma çıxdı. Tural məni görərək onunla nə səbəbə kafeyə gedərək çörək yemədiyimi soruşdu. Turala içki içmədiyimi dedim. Turalda üzərimə gələrək onunla çörək yeməyərək içki içmədiyim üçün mübahisə etməyə başladı. Turala uzaq durmasını bildirdim. Turalda sinə nahiyəmə yumruq vuraraq məni yerə yıxdı. Yerə yıxılan zaman sol qolum əzilərək xəsarət aldım. Olanlar barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verərək Lənkəran rayon mərkəzi xəstəxanasına getdim. Qoluma ilkin tibbi yardım göstərildi. Qolumun sındığını xəstəxanada müəyyən etdim”.

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Turalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top