"Uşaqların dərsləri ilə niyə maraqlanmırsan" dedi, arvadı ilə dalaşdı — İş məhkəməyə getdi

KRİMİNAL 17 sentyabr 2026, 15:30
Bakının Sabunçu rayonunda 36 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Emin həyat yoldaşı Vüsalə (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, Emin evlərinin dəhlizində həyat yoldaşının ona aqressiv formada cavab qaytarması səbəbindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən üz və bel nahiyələrindən bir neçə dəfə şillə ilə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Eminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Emin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 14 ildir Vüsalə ilə rəsmi nikahdadır, birgə nikahlarından 2 azyaşlı övladları var, birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yaşayırlar:

“Aramızda uşaqların təhsili ilə bağlı tez-tez sözlə mübahisələrimiz baş verib. Həyat yoldaşım övladlarıma laqeyd münasibət göstərdiyindən və övladlarımın təhsili ilə az maraqlandığından ona bununla bağlı irad tutduqda aramızda mübahisə baş verir”.

Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə mübahisələri yaşadıqları evin dəhlizində baş verib:

“Həmin tarixdə işdən evə gedərək övladlarıma yaxınlaşdım, dərsləri ilə maraqlandım. Bu zaman övladlarımın dərslərini oxumadığını bildim. Beləliklə, həyat yoldaşım evin dəhlizində iş gördüyündən yaxınlaşaraq nə üçün övladlarımın dərsləri ilə maraqlanmadığını dedim. Arvadım mənə aqressiv formada cavab qaytardı. Mən də bundan əsəbiləşərək bir neçə dəfə şillə zərbələri ilə Vüsalənin üz və bel nahiyələrindən vuraraq onu döydüm. Bununla da mübahisələrimiz yekunlaşdı”.

Təqsirləndirilən şəxs ifadəsində etdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, zərərçəkmiş şəxslə barışdığını, qadının ona qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

17 sentyabr 2026, 16:16
Top