"Təəssüf ki, BMT ortada sülh axtaran qüvvə kimi görünmür"

SİYASƏT 17 sentyabr 2026, 16:00
ABŞ administrasiyasının İsrailə 2,8 milyard dollar dəyərində yeni silah paketi satmağı planlaşdırdığı bildirilir. Paketə 40 min ədəd 2 min funtluq bomba daxildir və satış hələ yekun təsdiqlənməyib. Bu addım ABŞ-İsrail hərbi əməkdaşlığının miqyasını və Vaşinqtonun regiondakı təhlükəsizlik siyasətini yenidən gündəmə gətirib. Eyni zamanda, belə böyük həcmdə silah tədarükünün Yaxın Şərqdə hərbi balans və regional təhlükəsizlik baxımından mümkün nəticələri müzakirə olunur.

Bəs ABŞ-ın İsrailə yeni silah satışı Yaxın Şərqdə hərbi balansı necə dəyişə bilər və bu addım regionda gərginliyin gələcək inkişafına hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Amerikanın İsrailə silah satması yeni hadisə deyil.

Onun sözlərinə görə, İsrailin onilliklərdir Yaxın Şərqdə davakar və aqressiv siyasət aparmasının əsas səbəblərindən biri Amerikanın onu hərbi cəhətdən yetərincə təmin etməsidir:

“Ancaq Amerikanın bu dəfə İsrailə etdiyi hərbi yardım və dəstək jesti iki xüsusiyyəti ilə diqqət cəlb edir. Birincisi, bunun belə böyük həcmdə həyata keçirilməsi diqqətçəkən amildir.

Digər tərəfdən isə Yaxın Şərqdə sülh perspektivlərinin hələ görünmədiyi bir vaxtda Amerikanın silah dəstəyi olduqca təhlükəli gedişdir.

Çünki sülh danışıqlarının hələ başlamadığı bir mərhələdə ortaya çıxan bu silah partiyası vəziyyəti hərbi cəhətdən daha da gərginləşdirəcək. İstər Qəzza zolağında, istər Livan cəbhəsində, istərsə də İsrail-İran kontekstində vəziyyətin daha da gərginləşəcəyini və hərbi eskalasiyanın dərinləşəcəyini gözləmək olar.

Amerikanın İsrailə silah dəstəyi Yaxın Şərqdə təhlükəsizlik üçün daha bir təhdid amilinə çevrilir. Bütün bunlar bölgədə sülh perspektivləri axtaran qüvvələrin işini həm də çətinləşdirir.

Təəssüf ki, BMT ortada sülh axtaran bir qüvvə kimi görünmür. Amma bölgənin bəzi ölkələri müəyyən hallarda sülh təşəbbüsləri ilə çıxış edirlər. Amerikanın atdığı bu addım həmin təşəbbüslərin əhəmiyyətini və təsir imkanlarını azalda bilər”, - deyə Aydın Quliyev fikrini tamamlayıb.

Nuray Paşşanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

17 sentyabr 2026, 16:16
Top