Marketdə rəfi yığmaq üstündə dava düşdü, iş yoldaşını öldürdü — Məhkəmə

KRİMİNAL 17 sentyabr 2026, 13:30
Gəncə şəhərində 21 yaşlı oğlan iş yoldaşını qətlə yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Daşkəsən rayon sakini, 2005-ci il təvəllüdlü Sənan Şəfiyev onunla eyni mağazada işləyən, 1998-ci il təvəllüdlü Məhəbbət Hüseynovu qətlə yetirib.

İstintaq sənədlərinə görə, Sənan Gəncə şəhərində yerləşən “Dilqəm” marketdə satıcı qismində işləyən iş yoldaşı Məhəbbətin ağartı məhsullarının plastik qablara yığılmasını bildirməsinə baxmayaraq, sonuncunun onun göstərişindən imtina edib və onu ağır söyüşlərlə təhqir etməsindən hiddətlənib.

Aralarında yaranmış mübahisəyə birdəfəlik son qoymaq üçün Məhəbbəti öldürmək qərarına gəlib. Bu məqsədlə Sənan cinayətkar niyyətini həyata keçirməkdən ötrü 22 dekabr 2024-cü il tarixdə, saat 17:40 radələrində marketdə Məhəbbət Hüseynovu bıçaqlayaraq öldürüb.

Sənan Şəfiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Sənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qətl hadisəsi baş verən vaxta kimi marketdə işləyib:

“Həmin vaxt mağazaya müştəri gəldi. Qablarda şor olub və mən mərhumdan həmin şorların vitrinə yerləşdirilməsini xahiş etdim. Mərhum isə həmin şorları apararaq xadiməyə verdi. Bundan sonra həmin şorlar mənə qaytarıldı. Həmin vaxt Məhəbbətə “bunu yerləşdir” dedim. Onunla mübahisəm oldu və bizi araladırdılar. Məhəbbət mənə qarşı nalayiq ifadələr işlədərək çölə çıxdı. Bundan sonra mən bıçaq götürdüm və mərhum dabankeş ilə üzərimə gəldi. Daha sonra istəmədən bıçaqla onu vurdum”.

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi geniş ifadəsində göstərib ki, 15 oktyabr 2024-cü il tarixdən satıcı kimi “Dilqəm” marketdə işə başlayıb və aylıq 350 manat müqabilində satıcı kimi işə götürülüb:

“Mənim işim marketdə olan malları vitrinə yığmaqdan ibarət olub. İş saatım səhər saat 08-dən axşam saat 08-dək olub. Elşən müəllim məni kassir kimi aylıq 400 manat pul müqabilində işə başlamağımı bildirdi. “Dilqəm” marketdə satıcı və kassir kimi Elnarə, Eşqin, Sərxan, Məhəbbət, Kamran, Murad, mən, xadiməçi Nailə, axşam növbəsində kassir kimi Eşqin işləmişik. Məhəbbət təxminən 15 gün olardı ki, satıcı kimi işə başlamışdı. Əvvəllər Məhəbbətlə münasibətlərim yaxşı olub”.

Təqsirləndirilən şəxs deyib ki, son 4-5 gündə Məhəbbətlə aralarında söz-söhbət yaranıb:

“Mən səhər tezdən işə gələrək kassaya keçməmişdən əvvəl malları vitrinə yığmışam. Məhəbbət gəldikdən sonra kassaya keçdim. Məhəbbət işə gec gəldi, gəldikdən sonra da heç bir işi yerinə yetirmədiyi üçün aramızda soyuqluq yarandı. Məhəbbət işə saat 12-də və ya 1-də gələrək gecə saat 11-də, 12-də çıxıb”.

Sənanın sözlərinə görə, qətl hadisəsi baş verən gün, səhər saat 08 radələrində işlədiyi marketə gəlib:

“Mən işə gələn zaman marketdə müdirin atası Rabil dayı, Elnarə və xadiməçi Nailə olub. İşə gəldikdən sonra meyvələri düzməyə başladım və ləpələri yerlərinə qoydum. Məhəbbət saat 12-də işə gəldi. Heç bir iş görməyərək çay içməyə başladı. Təxminən saat 17 radələrində süd məhsullarını düzməyə başladım və süzməni qablara yerləşdirən zaman müştəri gələrək kartof, soğan istədi. Həmin vaxt Məhəbbət vitrinə söykənərək durmuşdu. Məhəbbətə gələrək süzməni qablara doldurmağını, mənim isə gələn müştərini yola salmalı olduğumu dedim. Məhəbbət əlini heç nəyə vurmayacağını bildirdi və süzməni çəkməyi Nailəyə tapşırdı. Nailə də xadiməçi olduğunu, işinin bu olmadığını bildirdi. Sonra Nailəyə özüm süzməni qablara dolduracağımı dedim. Nailə müştərini yola salmağımı, işi özü görəcəyini dedi. Həmin vaxt Məhəbbət mənə “sənin işlərini mən görürəm” dedi. Mən də heç bir iş görmədiyimi, səhər işə gələrək malları vitrinə yığdığımı söylədim. Bunu deyən zaman Məhəbbət üzərimə gələrək sinəmdən tutdu və biz mübahisə etməyə başladıq. Həmin vaxt Rabil dayı bizi ayırdı və Məhəbbət çölə çıxdı. Məhəbbət marketin qapısının ağzına çıxan zaman ona tərəf çönərək beş dəqiqə sonra çölə gəlməyənin var-yoxunu pis sözlərlə söydü. Mən heç bir cavab vermədim. Həmin vaxt yenə Məhəbbət yüksək səslə “5 dəqiqə vaxtın var, səni gözləyirəm, gəlməyənə daha ağır sözlər” deyərək qışqırdı. Mən Məhəbbətin sözlərinə əsəbləşərək heç nə demədim və kolbasa vitrininin yanına keçərək Məhəbbəti öldürmək niyyətilə bıçaq götürdüm. Bir əlimdə çay ilə dolu stəkan, digər əlimdə isə bıçaqla meyvə vitrininə doğru getdim. Həmin vaxt Məhəbbət meyvə vitrininin yanında əlində dəmir dabankeşlə qaçaraq üzərimə gəldi. Mən dərhal stəkanı yanımda olan şirniyyat qutularının üzərinə qoyaraq bıçağı sağ əlimə götürdüm. Məhəbbət məni dabankeşlə vurmaq istəyən zaman sol əlim ilə Məhəbbəti itələdim. Məhəbbətin ayağı səbətə ilişdi və yerə yıxılarkən əlimdə olan bıçaqla ürək nahiyəsinə bir dəfə zərbə vurdum. Bu zaman Məhəbbət yerə yıxıldı. Mən dərhal marketdə olan adapterimi və telefonumu götürərək oradan çıxdım. Məhəbbət ayaqüstə durdu və əlini döş qəfəsinə tutaraq çölə çıxdı. Mən taksi çağırdım və ailəmin yaşadığı Daşkəsən rayonu, Altunitdağ qəsəbəsinə getdim. Evə gedən zaman atam, anam və balaca qardaşım evdə olub. Atam Məhərrəmə işlədiyim marketdə Məhəbbətlə mübahisələrimin yarandığını və sonuncunu bıçaqladığımı bildirdi. Qısa müddətdən sonra polis əməkdaşları yaşadığım evə gəldi və məni Daşkəsən Rayon Polis Şöbəsinə, oradan da Gəncə şəhərinə gətirdilər”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan 12 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

17 sentyabr 2026, 13:09
Top