Bakının Suraxanı rayonunda əcnəbi vətəndaş arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib. Əfqanıstan vətəndaşı, 1979-cu il təvəllüdlü F. R. nömrəsiz evdə arvadı K. R. ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, 47 yaşlı kişi arvadının onu qısqanmasına və mobil telefonla kənar şəxslərlə danışmasına irad bildirməsinə görə yaranan mübahisə zamanı qəsdən əli ilə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vuraraq döş qəfəsinə xəsarətlər yetirib.
Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə araşdırma zamanı təqsirləndirilən şəxsin arvadı ilə barışdığı, zərərçəkmiş qadının ona qarşı heç bir şikayət və tələbinin olmadığı məlum olub.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


