YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Paltara tökülən soya sousu ləkəsini necə çıxarmaq olar? – Effektiv üsullar

Paltara tökülən soya sousu ləkəsini necə çıxarmaq olar? – Effektiv üsullar

Soya sousu yeməklərə xüsusi dad versə də, paltara töküldükdə tünd-qəhvəyi ləkə buraxa bilər. Belə izləri təmizləmək üçün vaxtında müdaxilə etmək vacibdir. Mütəxəssislər həm təzə, həm də qurumuş ləkələrdən qurtulmağın bir neçə üsulunu açıqlayıblar.

Demokrat.az xəbər verir ki, bu barədə "Better Homes and Gardens" nəşri yazıb.

Soya sousu çay, qəhvə, giləmeyvə və qırmızı şərab kimi tanin tərkibli ləkələr qrupuna daxildir. Bu səbəbdən ləkəni mümkün qədər tez təmizləmək məsləhət görülür.

Əgər sous təzə tökülübsə, ilk növbədə paltarı çıxarıb ləkələnmiş hissəni soyuq suyun altında tutmaq lazımdır. Su parçanın tərs tərəfindən verilməlidir ki, ləkəni liflərin daha dərin qatlarına itələmək əvəzinə, kənara doğru yusun. Suya çıxış yoxdursa, ləkəni salfet və ya təmiz parça ilə ehmalca tamponlamaq lazımdır. Bu, artıq mayenin parçaya hopmasının qarşısını alır.

Növbəti mərhələdə ləkənin üzərinə qab yuma vasitəsi, maye yuyucu toz və ya xüsusi ləkəçıxarıcı tətbiq etmək olar. Vasitə barmaqların ucu ilə parçaya yüngülcə yayılır. Ləkə açılmağa başladıqdan sonra həmin hissə su ilə yaxalanır. Ehtiyac yaranarsa, prosedur təkrarlanır və paltar etiketində göstərilən qaydalara uyğun yuyulur.

Qurumuş ləkələr üçün nə etmək lazımdır?

Əgər soya sousu ləkəsi artıq quruyubsa, paltarı tərsinə çevirmək, təmizləyici vasitəni birbaşa ləkənin üzərinə çəkmək və 5-10 dəqiqə gözləmək tövsiyə olunur. Bu müddət qurumuş sousun yumşalmasına kömək edir. Daha sonra geyim adi qaydada yuyula bilər.

Çətin çıxan ləkələr üçün isə oksigen əsaslı, xlorsuz ağardıcıdan istifadə etmək mümkündür. Bu vasitə rəngli parçalar üçün xlorlu ağardıcılardan daha uyğun hesab olunur. Məhsul qablaşdırmadakı təlimata əsasən isti suda həll edilir və paltar ən azı 30-60 dəqiqə həmin məhlulda saxlanılır. Ləkə tam çıxmayıbsa, prosesi təkrarlamaq olar.

Mütəxəssislər vacib bir məqama da diqqət çəkirlər: paltarı quruducuya qoymazdan əvvəl ləkənin tamamilə yox olduğuna əmin olmaq lazımdır. Çünki istilik qalıq ləkənin parçaya daha möhkəm hopmasına səbəb ola bilər.

Restoranda və ya yolda ləkə düşərsə...

Belə vəziyyətdə əvvəlcə parçanın hər iki tərəfini salfetlə ehmalca tamponlayaraq artıq sousu götürmək lazımdır. Daha sonra az miqdarda əl antiseptikindən istifadə etmək olar. Tərkibindəki spirt ləkənin həllinə kömək edə bilər. Ləkəçıxarıcı qələm, makiyaj təmizləyən və ya uşaq salfetləri də alternativ vasitələr sırasındadır.

Bununla belə, ləkəni yaymamaq üçün parçanı əvvəlcədən yaxşıca tamponlamaq və təmizləyici vasitələri ehtiyatla tətbiq etmək vacibdir. Ləkə bütün cəhdlərə baxmayaraq çıxmırsa, geyimi kimyəvi təmizləməyə vermək məsləhət görülür.