YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

Ürək xəstəliklərinin yaranma riskini azaltmağın yolu tapıldı

Ürək xəstəliklərinin yaranma riskini azaltmağın yolu tapıldı

Hər gün təxminən eyni saatda yatmaq və oyanmaq infarkt, insult, ürək ritminin pozulması və ürək çatışmazlığı riskinin azalması ilə əlaqəli ola bilər. Alimlər bildirirlər ki, ürək sağlamlığı üçün yalnız kifayət qədər yatmaq deyil, yuxu rejiminin sabitliyini qorumaq da vacibdir.

Demokrat.az xəbər verir ki, bu nəticəyə Harvard Tibb Məktəbi və Boston Uşaq Xəstəxanasının alimləri gəliblər. Tədqiqatın nəticələri Amerika Ürək Assosiasiyasının (AHA) konfransında təqdim olunub.

Araşdırma çərçivəsində 10 362 yetkin insanın bir milyondan çox gecəlik yuxu məlumatları təhlil edilib. İştirakçılar yuxunun müddətini, keyfiyyətini və rejimin müntəzəmliyini izləyən xüsusi cihazlardan istifadə ediblər. Könüllülərin sağlamlıq vəziyyəti orta hesabla 3,7 il ərzində müşahidə olunub.

Nəticələr göstərib ki, yatmaq və oyanmaq saatlarının tez-tez dəyişməsi infarkt, insult və ürək çatışmazlığı da daxil olmaqla ciddi ürək-damar problemlərinin riskinin 20-23 faiz artması ilə əlaqəlidir.

Alimlərin bildirdiyinə görə, gecədən-gecəyə yuxu müddətində baş verən hər əlavə 29 dəqiqəlik dəyişiklik ürək-damar ağırlaşmaları riskinin 24 faiz, ürək çatışmazlığı riskinin isə 20 faiz yüksəlməsi ilə müşayiət olunub.

Tədqiqatçılar yuxu dövrlərinin xüsusiyyətləri ilə ürək sağlamlığı arasında da əlaqə aşkar ediblər. Tam yuxu dövrlərinin sayının çox olması ürək ritminin pozulması riskinin 28 faiz azalması ilə əlaqələndirilib. Bunun əksinə, qeyri-adi dərəcədə uzun yuxu dövrləri infarkt və ya insult riskinin 55 faiz artması ilə bağlı olub.

Araşdırmanın müəllifləri ürək sağlamlığını qorumaq üçün həftəsonları da daxil olmaqla, sabit yuxu qrafikinə əməl etməyi tövsiyə edirlər. Onların fikrincə, hər gün eyni saatlarda yatmaq və oyanmaq yuxu müddəti qədər əhəmiyyət daşıya bilər.

Bununla belə, alimlər vurğulayırlar ki, tədqiqatda müəyyən edilən nəticələr statistik əlaqələri göstərir. Bu məlumatlar qeyri-müntəzəm yuxunun birbaşa ürək-damar xəstəliklərinə səbəb olduğunu sübut etmir.