YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

Cəmi 30 dəqiqə ərzində immun sistemini aktivləşdirməyin yolu açıqlandı

Cəmi 30 dəqiqə ərzində immun sistemini aktivləşdirməyin yolu açıqlandı

Finlandiyalı alimlər müəyyən ediblər ki, saunada 30 dəqiqə qalmaq immun sisteminin fəaliyyətində müvəqqəti dəyişiklik yarada bilər. Yüksək temperaturun təsiri ilə orqanizmi infeksiyalardan qoruyan ağ qan hüceyrələrinin – leykositlərin sayı artır.

Demokrat.az xəbər verir ki, bu barədə Finlandiyanın Turku Universitetinin alimlərinin "Temperature" jurnalında dərc olunan araşdırmasında bildirilib.

Təcrübədə orta yaşlı 51 kişi və qadın iştirak edib. Könüllülər təxminən 73 dərəcə temperaturda olan ənənəvi fin saunasında yarım saat vaxt keçiriblər. Prosedurun ortasında isə soyuq duş qəbul etmək üçün fasilə verilib.

Qan analizləri göstərib ki, saunadan dərhal sonra iştirakçıların qanında leykositlərin ümumi sayı artıb. Bu hüceyrələr orqanizmi yad bakteriya, virus, göbələk və parazitlərdən qoruyur, həmçinin zədələnmiş və ya ölmüş hüceyrələrin aradan qaldırılmasında iştirak edir.

Bununla yanaşı, bakterial infeksiyalara qarşı ilkin müdafiədə mühüm rol oynayan neytrofillərin və anticisimlərin yaranmasına kömək edən limfositlərin səviyyəsində də yüksəlmə müşahidə olunub.

Alimlər hesab edirlər ki, yüksək temperaturun təsiri ilə immun hüceyrələri müvəqqəti olaraq toxumalardan qan dövranına keçir. Nəticədə onlar orqanizmdə daha aktiv hərəkət edərək mümkün təhlükələri daha tez aşkar edə bilirlər.

Lakin bu təsir uzunmüddətli olmayıb. Prosedur başa çatdıqdan 30 dəqiqə sonra göstəricilərin əksəriyyəti əvvəlki səviyyəsinə qayıdıb. İmmun reaksiyalarını tənzimləyən siqnal zülallarının konsentrasiyasında isə ciddi dəyişiklik qeydə alınmayıb.

Tədqiqatçılar saunada yaranan reaksiyanın bəzi xüsusiyyətlərinə görə fiziki fəaliyyət zamanı baş verən proseslərə bənzədiyini bildirirlər. Bununla belə, leykositlərin qısamüddətli artmasının orqanizmin infeksiyalara qarşı müdafiəsini gücləndirib-gücləndirmədiyi hələ məlum deyil. Alimlər bu nəticəni təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.