Qocalma prosesində orqanizmdə baş verən bəzi dəyişikliklər sağlamlıqla bağlı narahatedici siqnallar hesab olunur. Xüsusilə yerişin yavaşlaması, yaddaşın zəifləməsi və bədən çəkisinin azalması diqqət tələb edən əlamətlər sırasındadır.
Demokrat.az xəbər verir ki, N.İ. Piroqov adına Rusiya Gerontoloji Elmi-Klinik Mərkəzinin direktoru, Rusiya Gerontoloqlar və Geriatrlar Assosiasiyasının prezidenti Olqa Tkaçova qocalmanın narahatedici əlamətlərini açıqlayıb.
Mütəxəssis bu əlamətlərə yerişin yavaşlaması və qeyri-sabit olması, yıxılmağa meyillilik, bədən çəkisinin azalması, həmçinin yaddaş, görmə və eşitmə qabiliyyətinin zəifləməsini aid edib.
Həkim mütəmadi tibbi müayinələrin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu, risk faktorlarının müəyyənləşdirilməsinə, xəstəliklərin erkən mərhələdə aşkarlanmasına və vaxtında müalicəyə başlanmasına imkan yaradır.
Olqa Tkaçova ölkə üzrə yaradılan Sağlam Uzunömürlülük Mərkəzlərinin fəaliyyətinə də diqqət çəkib.
"Standart tibbi müayinələr inkişaf etməkdə olan xəstəlikləri və onların səbəblərini aşkarlamağa yönəldiyi halda, ixtisaslaşmış mərkəzlər xəstəlik hələ formalaşmamışdan əvvəl yaranan risklərlə məşğul olur"
Ekspert vurğulayıb ki, orqanizmdə mənfi dəyişikliklərin erkən mərhələdə müəyyənləşdirilməsinə əsaslanan bu yanaşma xroniki xəstəliklərin qarşısını almağa və qocalma prosesinə müsbət təsir göstərməyə imkan verir.


