YapiKredi Müraciət Forması
Dünya Özəl

İstanbulda məşhur iş adamına sui-qəsd hazırlığı: Gizli evdən silah-sursat tapıldı

İstanbulda məşhur iş adamına sui-qəsd hazırlığı: Gizli evdən silah-sursat tapıldı

Türkiyənin İstanbul şəhərində tanınmış iş adamına qarşı sui-qəsd hazırlığında olduğu iddia edilən 4 nəfər saxlanılıb. Polis əməliyyat zamanı şübhəlilərin gizləndiyi evdən avtomat, tapança və çoxlu sayda patron aşkarlayıb.

Demokrat.az xəbər verir ki, İstanbulun Kağıthane və Eyüpsultan rayonlarında baş verən müxtəlif hadisələrlə bağlı araşdırma aparan polis əməkdaşları Kağıthane rayonunda şübhəlilərin istifadə etdiyi gizli evi müəyyən ediblər. Həmin ünvana keçirilən əməliyyat nəticəsində B.A., S.D., T.İ. və A.E. adlı şəxslər saxlanılıb.

Evdə aparılan axtarış zamanı bir ədəd AK-47 avtomatı, ona məxsus üç daraq, 50 ədəd 7,62 millimetrlik patron, həmçinin qanunsuz 9 millimetrlik tapança, iki daraq və 71 patron götürülüb.

İlkin məlumata görə, şübhəlilər sui-qəsd həyata keçirmək məqsədilə başqa şəhərlərdən İstanbula gəlib və kirayələdikləri evdə hücum planı hazırlayıblar. Onların hədəfində iş dünyası ilə yanaşı, idman, incəsənət və ictimaiyyət nümayəndələri arasında da tanınan bir iş adamının olduğu iddia edilir. Həmin şəxsin kimliyi açıqlanmayıb.

Araşdırma zamanı saxlanılanların kriminal keçmişi də üzə çıxıb. Belə ki, şübhəlilərdən birinin axtarışda olduğu, S.D.-nin 4 axtarış qeydinin və 12 il 15 ay, T.İ.-nin 2 axtarış qeydinin və 7 il 6 ay, A.E.-nin isə 4 axtarış qeydinin olduğu müəyyən edilib. Sonuncunun 31 cinayət qeydi və 10 il 32 ay 99 gün müddətinə qüvvəyə minmiş həbs cəzası olduğu bildirilir.

Hadisə ilə bağlı saxlanılan 4 nəfər barəsində istintaq tədbirləri davam etdirilir.