"Qalatasaray"dan ayrıldıqdan sonra özünə yeni klub tapmayan argentinalı hücumçu Mauro İkardinin gələcək karyerası ilə bağlı müzakirələr davam edir. Futbolçunun İtaliyaya qayıtmaq istədiyini açıqlaması onun sabiq klubu "İnter"ə mümkün transferi ilə bağlı iddiaları gündəmə gətirib.
Demokrat.az xəbər verir ki, Milan təmsilçisinin prezidenti Beppe Marotta İkardinin komandaya qayıtması ehtimalına münasibət bildirib.
Klub rəhbəri argentinalı futbolçunun adının "İnter"lə hallanmasından xəbərsiz olduğunu deyib. Marottanın sözlərinə görə, İkardi klub rəhbərliyinə belə bir təkliflə müraciət etməyib.
"İnter"ə çox şey vermiş futbolçunun yenidən komandaya qayıtması xoş fikir olsa da, hazırda bu, klubun transfer planlarına daxil deyil. Eyni zamanda, yeni hücumçu transfer etmək də nəzərdə tutulmur", – deyə Marotta bildirib.
O, komandada dörd hücumçunun olduğunu, onlardan üçünün eyni vaxtda zədələnməsini isə bəxtsizlik kimi qiymətləndirib.
Qeyd edək ki, Mauro İkardi daha əvvəl karyerasını İtaliyada davam etdirmək istədiyini açıqlamışdı. Onun bu açıqlaması "İnter"ə mümkün qayıdışı ilə bağlı müzakirələrə səbəb olmuşdu.


