Bakının Suraxanı rayonunda 65 yaşlı kişi qardaşı qızına xəsarət yetirməkdə ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1961-ci il təvəllüdlü Mehdi ünvanında yerləşən fərdi yaşayış evinin həyətində birgə yaşadığı mərhum qardaşı Fərmanın 1992-ci il təvəllüdlü övladı Zəminənin (adlar şərtidir – red.) birgə yaşadıqları həmin həyətin bir hissəsini özbaşına satışa çıxarması, habelə həyətin özünə aid olmayan hissəsində tikinti işləri aparması ilə əlaqədar ona etiraz etməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan onunla mübahisə edib.
Bu zaman Zəminənin qardaşı, 2004-cü il təvəllüdlü Sahibin onları müşahidə etməsinə məhəl qoymayaraq, onun gözləri qarşısında yumruqla bir neçə dəfə Zəminənin baş nahiyəsinə zərbə vurub və ona xəsarətlər yetirib.
Mehdi barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma – xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma – ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.
İş üzrə izahat verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Zəminə və şahid Sahib onun qardaşının uşaqlarıdır. Onun sözlərinə görə, Zəminə, Sahib və anaları eyni həyətdə birmərtəbəli, onun ailə üzvləri isə ikimərtəbəli evdə yaşayırlar.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2017-ci ildə qardaşı Fərman dünyasını dəyişəndən sonra aralarında evlərin və həyətin bölünməsi ilə əlaqədar daim mübahisələr yaranmağa başlayıb:
"Zəminə mənim dinc yaşamağıma imkan verməyib, mənim və ailə üzvlərimi hədələyib, bizi yaşadığımız evdən qovmaq istəyib. Eyni həyətdə birgə yaşamağımıza baxmayaraq, məndən və ailəmdən icazə almadan özbaşına torpaq sahəsində hasar çəkərək həyəti bölüb, bizim evimizlə öz evini ayırmaq istəyib. Həmçinin onunla yaşayan bacım Sevdanı evdən çıxarmaq istəyib".
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, təxminən saat 19:00 radələrində yaşadığı evin dam hissəsini bərpa etmək istəyib:
"Bu zaman Zəminə məni çağırdı. Ondan nə olduğunu soruşdum. O, ünvanıma küçə söyüşləri söyərək məni təhqir etməyə başladı. Zəminədən sakitləşməsini, söyüş söyməməsini istədim və onun yanında olan qardaşı Sahibdən bacısını sakitləşdirməsini xahiş etdim. Zəminə isə sözlərimə əhəmiyyət verməyərək mənim və ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətməkdə davam etdi. Zəminənin söyüşlərindən artıq əsəbimi saxlaya bilmədim və damdan düşərək ona tərəf getdim. Zəminənin üzünə bir şillə vurdum ki, söyüş söyməsin. Bu zaman Zəminənin qardaşı Sahib təpiklə qarın nahiyəmə bir dəfə vurdu. Sahibi tutaraq sakitləşdirmək istəyəndə isə o, mənimlə əlbəyaxa oldu və əlləri ilə bədənimin müxtəlif nahiyələrinə zərbələr vurmaqda davam etdi".
Mehdinin ifadəsinə görə, daha sonra əsəbi halda Sahibi özündən uzaqlaşdırmaq istəyib və ona da bir dəfə şillə ilə vurub:
"Bundan sonra Zəminə də üzərimə gəldikdə, özümü müdafiə etmək məqsədilə yumruqla onun burun nahiyəsinə bir dəfə zərbə vurdum. Bunu görən Sahib isə yenə də üzərimə gəldi, məni vurmağa başladı. Sahibi sakitləşdirmək istədim. Amma o, sakitləşmədi, məni vurmaqda davam etdi. Mən Sahibi sakitləşdirmək üçün onun üzünə yenə bir dəfə şillə vurdum. Bundan sonra Zəminə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verərək onu döyməyimi bildirdi. Mənim Zəminə ilə aramızda olan mübahisənin səbəbi yaşadığımız birgə evin həyətində hasarlama işləri aparması olub. Mən bir dəfə Zəminənin üz nahiyəsinə şillə ilə vurmaqla onu döydüm. Yalnız bir dəfə Zəminənin üz nahiyəsindən yumruqla vurmaqla onu döymüşəm. Aramızda olan mübahisə zamanı Zəminə ayağı ilə mənim iki ayağımın arasına təpiklə vurdu".
İş üzrə zərərçəkmiş Zəminənin sözlərinə görə, təqsirləndirilən Mehdi onun doğma əmisidir və onlar əmisi ilə eyni ünvanda yaşayırlar. O bildirib ki, 2017-ci ildə atası Fərman dünyasını dəyişəndən sonra əmisi ilə aralarında daim mübahisələr yaranmağa başlayıb.
Zərərçəkmiş qeyd edib ki, əmisi onların dinc yaşamalarına imkan verməyib və onları hədələyib. Onun sözlərinə görə, birgə yaşamalarına, yəni eyni həyətdə yaşamalarına baxmayaraq, ondan və ailəsindən icazə almadan özbaşına özünə məxsus torpaq sahəsini satıb və onlara aid olan hissədə isə müəyyən tikinti işləri aparıb.
Zərərçəkmiş qeyd edib ki, məlum hadisə günü, təxminən saat 19:00 radələrində əmisi Mehdinin evinin damını təmir edərək tikinti işləri apardığını, həmçinin ona aid olan torpaq sahəsində də tikinti işləri gördüyünü görüb və Mehdidən nə etdiyini soruşub:
"Bu zaman əmim qardaşım Sahibə söz atmağa başladı və mənə cavab verməməsindən əsəbləşdim. Mehdinin yanına gedərək mənə cavab verməsini istədim. O, mənə tərəf gələrək heç bir səbəb olmadan üz nahiyəmə yumruqla vurdu. Həmin vaxt Mehdini itələyən zaman isə bir dəfə burun nahiyəmə, bir dəfə də baş nahiyəmə yumruq zərbələri vurdu. Mən özümü itirərək yerə yıxıldım. Özümə gəldikdə isə onun qardaşım Sahibə də yumruqla vurduğunu gördüm".
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Mehdi 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddətində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməsi, həmçinin Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub.
Bundan əlavə, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi tapşırılıb.


