Müasir sobaların əksəriyyətində istiliyin qorunması üçün ikiqat şüşədən istifadə olunur. Lakin bu konstruksiya təmizlik zamanı çətinlik yarada bilər. Belə ki, şüşələrin arasına zamanla yağ və yanmış qida qalıqları yığılır. Bu çətin əlçatan sahəni təmizləmək üçün isə adi corabdan istifadə etmək mümkündür.
Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri yazıb.
Məqalədə qeyd olunur ki, bəzi soba modellərində qapını və şüşələri sökmədən də onların arasındakı boşluğu təmizləmək mümkündür. Bunun üçün uzun və yastı bir əşyanın üzərinə corab keçirmək kifayətdir. Məsələn, xətkeş və ya mətbəx spatulasından istifadə etmək olar.
Əvvəlcə sobanı elektrik şəbəkəsindən ayırmaq və tam soyumasını gözləmək lazımdır. Daha sonra corabı seçilmiş əşyanın üzərinə keçirmək və sürüşməməsi üçün rezinlə bərkitmək tövsiyə olunur.
Təmizləyici məhlul hazırlamaq üçün bir stəkan ilıq suya iki xörək qaşığı qab yuma vasitəsi əlavə edilir. Corab bu qarışıqla isladıldıqdan sonra soba qapısının yuxarı və ya aşağı hissəsindəki havalandırma dəliklərindən ehtiyatla şüşələrin arasına salınır.
Yağ və his ləkələrini təmizləmək üçün aləti dairəvi hərəkətlərlə hərəkət etdirmək lazımdır. Bu zaman şüşəni cızmamaq üçün həddindən artıq təzyiq göstərilməməlidir. İlk təmizləmədən sonra corab təmiz su ilə isladılaraq prosedur təkrarlanır. Sonda isə quru corabla səth silinir ki, şüşədə su izləri qalmasın.
Bu üsul bütün soba modellərinə uyğun deyil
Nəşr xəbərdarlıq edir ki, bəzi sobalarda şüşələr arasındakı boşluq çox dar olduğundan bu üsuldan istifadə etmək mümkün olmaya bilər. Belə hallarda qapının sökülməsi tələb olunur. Bunun qaydası isə sobanın modelindən asılıdır: bəzi cihazlarda xüsusi kilidləri qaldırmaq, digərlərində isə bərkidici vintləri açmaq lazım gəlir.
Buna görə də sobanın qapısını sökməzdən əvvəl istehsalçının təlimatına nəzər salmaq vacibdir.


