YapiKredi Müraciət Forması
Dünya Özəl

İstanbulda tikinti qəzası: İki bina boşaldıldı, 20 mənzil təxliyə edildi

İstanbulda tikinti qəzası: İki bina boşaldıldı, 20 mənzil təxliyə edildi

Türkiyənin İstanbul şəhərinin Bahçelievler rayonunda aparılan tikinti işləri zamanı istinad divarının uçması ətrafdakı iki binanın sakinlərinin təxliyəsinə səbəb olub. Hadisə nəticəsində ümumilikdə 20 mənzil boşaldılıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb.

Hadisə oktyabrın 27-də gecə saat 03:00 radələrində Siyavuşpaşa məhəlləsinin Çavuşpaşa prospektində baş verib. Məlumata görə, təməl qazıntısı aparılan tikintinin istinad divarı hələlik naməlum səbəbdən dağılıb.

Yaxınlıqda yerləşən 6 və 7 mərtəbəli iki binanın sakinləri təşvişə düşərək küçəyə çıxıblar. Hadisə yerinə polis, yanğınsöndürənlər və bələdiyyə əməkdaşları cəlb olunub.

Təhlükəsizlik məqsədilə əraziyə giriş-çıxış məhdudlaşdırılıb, yol avtomobillərin və piyadaların hərəkəti üçün bağlanıb. Tikinti sahəsinin yaxınlığındakı iki binanın həyət divarlarının da dağıldığı müşahidə edilib.

Hər iki binada yaşayan sakinlər təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub. Onlara bəzi şəxsi əşyalarını nəzarət altında götürməyə icazə verilib.

Binaların texniki vəziyyətinin müəyyənləşdirilməsi üçün səhər saatlarından etibarən ətraflı yoxlamaların aparılacağı bildirilib.