YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Şillə ilə böyüyən uşaqlarda əqli gerilik ola bilər — Açıqlama

Şillə ilə böyüyən uşaqlarda əqli gerilik ola bilər — Açıqlama

Uşaqlara şapalaq vurmaq onların gələcək inkişafına mənfi təsir göstərir. Xarici tədqiqatlara əsasən, 19 min uşağı əhatə edən araşdırmanın nəticələri göstərib ki, uşaqların fiziki cəzalandırılması aşağı akademik göstəricilərə və riskli davranışlara səbəb ola bilər.

Psixoloq Zümrüd Əsədova Demokrat.az-a açıqlamasında söyləyib ki, bu üsuldan hələ də istifadə edən valideynlər var:

Şillə ilə böyüyən uşaqlarda əqli gerilik ola bilər — Açıqlama

"Bəzən valideyn bunu tərbiyə üsulu hesab edir, bəzi hallarda isə, əsəblərini cilovlaya bilmədiyi üçün uşağa fiziki müdaxilə edir. Hətta "Mənə də uşaq vaxtı belə ediblər, heç nə olmayıb" deyənlərə də rast gəlirik. Amma uşağa vurmaq onun davranışını müəyyən müddətə dayandıra bilər, lakin ona düzgün davranmağı öyrətmir. Uşaq həmin anda qorxduğu üçün susur. Bu qorxu isə zamanla müxtəlif psixoloji nəticələrə səbəb ola bilər. Belə uşaqlarda aqressivlik, özünəinamın azalması, narahatlıq, qorxu və valideynlə münasibətdə güvən problemləri yarana bilər. Nəticədə bəzi uşaqlar öz hisslərini ifadə etməkdən çəkinir, bəziləri isə gördüyü davranışı mənimsəyərək münaqişələri fiziki güclə həll etməyə başlayır. Çünki uşaq valideynin davranışını müşahidə edərək öyrənir. Əgər böyüklər əsəbiləşəndə vurursa, uşaq da zamanla vurmağı bir reaksiya forması kimi qəbul edə bilər".

Psixoloq əlavə edib ki, digər tərəfdən, uşaqda belə bir daxili inanc formalaşa bilər:

""Mən səhv edirəmsə, cəzalandırılmağa layiqəm" və ya "Məni sevən insan belə mənə zərər verə bilər". Bu, onun gələcək münasibətlərinə də təsir göstərə bilər. Burada valideynin öz emosiyalarını idarə etməsi çox vacibdir. Uşaq əsəbiləşəndə, ağlayanda və ya qaydalara əməl etməyəndə valideyn də gərginləşə bilər. Amma həmin anda öz reaksiyasına nəzarət etməyi bacarmalıdır. Lazım gələrsə, bir neçə dəqiqə uzaqlaşmaq, sakitləşdikdən sonra uşaqla danışmaq olar. Uşağa sərhəd qoymaq, qayda öyrətmək, etdiyi davranışın nəticəsini izah etmək mümkündür. Bunun üçün şiddət gərəkli deyil. Uşaq valideynindən qorxaraq yox, onunla münasibətində özünü güvəndə hiss edərək davranışını tənzimləməyi öyrənməlidir".